“Prezident korrupsiyaya qarşı mübarizədə qətiyyətli və israrlıdır”

“İndiyə qədər problemlərin üzərinə bu masştabda gedilməmişdi”

“Prosesi sona qədər davam etdirmək üçün dövlət başçısına Vəhdət partiyası olaraq bütün parametrlərlə dəstək verməyə hazırıq”





“Dövlət başçısı dəfələrlə bəyan edib ki, rüşvət və korrupsiya dövlətimiz adına utanc gətirən haldır”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. 
Siyasi şərhçi bildirib ki, bəzi yüksək çinli məmurlar iradları ciddiyə almayaraq öz çirkin əməllərindən əl çəkmək istəmirlər: 

“Prezidentin dəfələrlə xəbərdarlığına baxmayaraq, zəhmətsiz gəlir əldə etmək istəyi onları tərk etmir. Canavarlar sürüyə təpinəndə ehtiyacdan artıq ziyanlıq edir. Bunlar da canavar xislətli adamlardırlar. Cinayətkar qruplaşmaya aid bu ünsürlərə qarşı görülən tədbirlər ictimaiyyətə məlumdur. Prezident yeni təyin etdiyi icra başçılarına və yüksək çinli məmurlara tapşırıqlar verərək icttimaiyyətin nümayəndələri ilə sıx işləməyi tövsiyyə etdi. Əslində bu, cəmiyyətin bütün təbəqələrinə birgə çalışma mesajıdır. Bu gün idarəetmədə funksional dəyişikliklər artıq hiss olunmadadır. Bu proses vitse prezidentlik institutunun tətbiq olunması və parlamentdə daha işgüzar deputatlara üstünlük verilməsi ilə başladıldı”. 



V.Əfəndiyev vurğulayıb ki, bir neçə siyasi partiyanın qeydiyyata alınması hakimiyyətin fikir plüarizminə yeni yanaşmasının göstəricisidir: 

“Bu günlərdə Korrupsiyaya qarşı Mübarizə Komissiyasının tərkibinin yenilənməsi və bu heyyətə siyasi partiya mənsublarının cəlb olunması barədə fikirləri təqdir edirəm. İctimai nəzarətlə idarəetmənin uzlaşması islahatlara olan inam hissini gücləndirəcək. İndiyə qədər problemlərin üzərinə bu masştabda gedilməmişdi. Tələblər və çağırışlara baxmayaraq, hər dəfə “təkərə ağac soxan qüvvələr” tərəfindən islahatlar gözdən salınmağa və insanlarda inamsızlıq yaratmağa çalışılırdı. Bu qüvvələr artıq hakimiyyətdən kənarlaşdırılır. Prezident korrupsiyaya qarşı mübarizədə qətiyyətli və israrlıdır. Prosesi sona qədər davam etdirmək üçün dövlət başçısına Vəhdət partiyası olaraq bütün parametrlərlə dəstək verməyə hazırıq və öz potensialımızı təklif edirik”.