“Vətəndaşların sağlamlığı və sosial müdafiəsi hər zaman prioritet olub”

“DOST Azərbaycan vətəndaşının firavan yaşayışını və vətəndaş məmnunluğunu təmin edilməsi sahəsində atılan addımlardandır”



“Ölkəmizdə sosial sahədə əldə olunan uğurlarda sosial xidmətlərin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasının da öz payı var”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. 
Deputat bildirib ki, sosial islahatlar proqramının əsas hədəfi kimi yaradılan DOST Mərkəzi bu sahədə nümunəviliyi ilə seçilir: 

“Vətəndaş məmnunluğunun təmin edilməsində, şəffaflıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsində “ASAN xidmət”dən sonra Birinci Vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə innovativ xidmət növünün - DOST layihəsinin vətəndaşların ixtiyarına verildi. Bu, ölkəmizdə sistemli şəkildə həyata keçirilən sosial siyasətin ənənə halını aldığının göstəricisidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı 3 saylı DOST mərkəzinin vətəndaşların ixtiyarına verilməsi həyata keçirilən həmin siyasətin məntiqi nəticəsidir. Eyni zamanda yeni DOST mərkəzinin istifadəyə verilməsi Azərbaycan vətəndaşının firavan yaşayışını və vətəndaş məmnunluğunu təmin edilməsi sahəsində atılan addımlardandır. Ölkə Prezidenti yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın bu sahədə də liderlik göstərdiyini qeyd etdi. Koronavirus pandemiyasının sərhədləri aşıb, keçdiyi ilk gündən Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Koronavirusun qarşısının alınması ilə bağlı görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən danışan Prezident bildirdi ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, səkkiz il bundan öncə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Eyni zamanda Qoşulmama Hərəkatına 120 ölkənin qərarı ilə sədr olmazdıq”. 

Parlament üzvü vurğulayıb ki, 2019-2021-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək ölkəmiz bütün diqqətini planetin üzərinə qara kabus kimi çökən pandemiyaya yönəldib: 

“Dövlət başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu hər zaman diqqətə çatdırıb. Məhz indiki çətin və ağır dönəmdə Azərbaycanın özünü uğurla təsdiqləməsi, problemləri aşması, dünyaya nümunə olması ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları sayəsində əldə edilib. Vətəndaşların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövləti üçün hər zaman prioritet məsələ olub. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub. Pandemiya bunu bir daha təsdiqləyib”.