“DOST vətəndaş-dövlət münasibətlərinin inkişafına öz töhfəsini verir”

3 saylı  DOST mərkəzinin açılışında iştirak edən ölkə başçısı DOST mərkəzlərinin fəaliyyətə başlamasının  sosial sahədə görülən işlərin və aparılan islahatların əyani təzahürü kimi dəyərləndirib.  Vətəndaşların DOST mərkəzlərinin fəaliyyətini bəyənmə əmsalının  96 faizə çatdığını vurğulayan Prezident  DOST mərkəzlərində göstərilən xidmətlərin sosial təminat sahəsində böyük yenilik kimi qiymətləndirib:

"Artıq bir neçə ölkə bu təcrübə ilə bağlı ölkəmizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.  DOST mərkəzlərində tətbiq olunan innovasiyalar Azərbaycan hakimiyyətinin gələcəyə baxışı ilə tam uzlaşır. İnnovativ inkişaf həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir".

Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə isə hesab edir ki,  DOST mərkəzləri ASAN xidmət modelinin sosial təminat, məşğulluq və digər dövlət xidmətlərinə tətbiqidir: 

"Adından da göründüyü kimi DOST-Dayanıqlı və Operativ Sosial Xidmət Agentliyi- qeyd edilən sahələrdəki dövlət xidmətlərinin dayanıqlı və operativ şəkildə vətəndaşlara göstərilməsini nəzərdə tutur. Bu sahələrdəki dövlət xidmətlərinin keyfiyyətinin əvvəllər nə qədər aşağı olduğunu, qeyri-şəffaf olduğunu ictimaiyyət yaxşı bilir. DOST agentliyinin və onun mərkəzlərinin yaradılması da məhz bu problemləri aradan qaldırmaq məqsədi güdür. Düşünürəm ki, bu mərkəzlərdə müasir ictimai xidmət anlayışının əsas xətt kimi qəbul edilməsi vətəndaşla dövlət arasındakı münasibətlərin qarşılıqlı inam, şəffaflıq, səmərəlilik və effektivlik prinsipləri üzrə qurulmasına öz töhfəsini verir və bunların əhatə dairəsini sürətlə genişləndirmək zəruridir".