Yeni dövr başlayır: “İKT inqilabının növbəti mərhələsinə keçid etmişik”

“Kosmik xidmətlər idxal edən yox, ixrac edən ölkəyə çevrilmişik”



“Qarşımızda yeni bir dövr – süni zəka dövrü var”. 
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, süni zəkanın bir çox sahələrə tətbiqi sayəsində yeni mərhələ başlayır: “İstər əmək münasibətləri, istərsə də dövlət-cəmiyyət və cəmiyyət-şəxs arasındakı münasibətlər tamamilə yeni məcraya keçir. Müasir dəyişikliklərdən səmərəli istifadə etməyi bacaran dövlətlər keçid dövründən qazanclı çıxacaq. Tarixən yeni texnologiyalar bütün sferalara, proseslərə əsaslı təsir göstərib. Məsələn, dünyada baş verən burjua inqilablarından sonra əl əməyinin maşın işi ilə əvəzlənməsindən sonra minlərlə insan işsiz qalıb. Ancaq xeyli zaman keçib və insanların tarixən buraxdıxları səhvlər bizə bəllidir. Dövlət başçısı İlham Əliyev CİSCO şirkətinin rəhbərləri ilə videoformatla görüşü zamanı şirkət rəhbəri bir sıra nüansları sadaladı. “Ağıllı ölkə”, “Ağıllı Şəhər”, “Ağıllı Məktəb” və s. layihələrdən söz açan qurum rəhbəri Prezident İlham Əliyevə dedi ki, “siz 2 il əvvəl bu məsələləri bizim qarşımızda qaldırıb müzakirə etmisiniz”.

Deməli, Azərbaycan dövləti bu prosesləri 2 il əvvəl qabaqlayıb. Ölkəmiz həm də kosmik klubun üzvüdür. Kosmik xidmətlər idxal edən yox, ixrac edən ölkəyə çevrilmişik. Bütün bunların fonunda Azərbaycan sənaye inqilabından texnologiyalar və informasiya inqilabının növbəti mərhələsinə keçid edib. Cənab Prezident də vurğuladı ki, əgər biz bu proseslərdə ləngisək, müəyyən problemlərlə üzləşə bilərik. Tam əminliklə deyirəm ki, biz bu sahədə bir çox ölkələrdən irəlidəyik”. 

Parlament üzvü vurğulayıb ki, Azərbaycan adətən müasir texnologiyaları ixrac edir: 

“İstehsalçı ölkələr texnologiyaların daha müasir variantlarını buraxırlar. Ölkəmizin məqsədi həmin texnologiyaları idxal etmək və eyni zamanda onlarla işləməyi bacaran nəsillər formalaşdırmaqdır. Burada da əsas yük təhsilin üzərinə düşür.

Hesab edirəm ki, pandemiya bu prosesi bir qədər tezləşdirdi. Ümumi hesablamalara görə, yaxın dövrlər ərzində dünyada təqribən 800-dən artıq peşə tamamilə sıradan çıxacaq. Dünya əhalisi ciddi sınaq qarşısında qalacaq. Hansı dövlət yeni texnologiyaların pultu arxasında oturacaqsa, qalib dövlət olacaq.

Azərbaycan yeni texnologiyaların bütün münasibətlərə təsiri istiqamətində pult arxasında olmağa çox yaxın bir dövlətdir. Bəziləri fikirləşə bilər ki, beynəlxalq şirkətlər biznes strukturudur. Biznes strukturlarını layihəni reallaşdırıb pulunu almaq maralandırır. Nəzərə alaq ki, pulu olan yeganə dövlət Azərbaycan deyil. Bizdən dəfələrlə varlı ərəb dövlətləri var. Nəyə görə məhz Azərbaycana bu diqqət göstərilir? Məsələ ondan ibarətdir ki, Azərbaycanın indiki hakimiyyəti, xüsusən Prezident İlham Əliyev prioritet olaraq informasiya texnologiyalarının konkret sahələr üzrə tətbiqini qarşısına əsas məqsəd qoyub.

Vurğuladım ki, yeni texnoloji dövr bir çox insanı işsiz qoyur. Lakin Azərbaycan bu texnologiyalardan istifadə edərək həm iş yerlərinin açılmasına, həm də ÜDM-nin artırılmasına nail olmağa çalışır və bunu bacarır. Bu məsələdə bütün siyasi qüvvələr dövlətin yanında olmalıdır. Çünki ölkəmizin beynəlxalq arenadakı nüfuzunu müəyyən edən ən mühüm məsələlərdən biri budur”.