Şahin Həsənli: Bu il mübarək Ramazan ayını xüsusi şəraitdə keçirdik


Ramazan bayrami münasibətilə bütün Azərbaycan xalqını, oruc tutan insanları təbrik edirəm. Bu il mübarək Ramazan ayını xüsusi şəraitdə keçirdik. Bununla belə, xüsusi karantin rejimində dini ayinlər hər bir inanclı insan tərəfindən evdə icra olundu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Şahin Həsənli bu gün baş tutan Bayram namazında AZƏRTAC-a müsahibəsində deyib.

O deyib ki, bu il orucun məhrumiyyəti ilə yanaşı, karantin rejiminin qadağalarına da riayət etdik. Eyni zamanda, hər kəs imkansız ailələrə yardım əlini uzatdı. Bu bizim bir xalq olaraq bir-birimizə qarşı məsuliyyətli və mehriban olduğumuzu göstərdi. Bu da bizim Allahdan ən böyük nemətimizdir.

“Ramazan ayı boyunca ilahiyyatçılar xalqımızı sosial şəbək vasitəsilə canlı yayımla maarifləndirdilər. Xalqımız bu vəziyyəti nəzərə alaraq, qayda-qanunlara anlayışla yanaşdılar. Çox ümidvarıq ki, xalqımız tezliklə bu çətinliklikdən azad olar. Bu bir ay ərzində yardımlaşma aksiyasında iştirak edən insanlara təşəkkürümü bildirirəm. Allahdan diləyirəm ki, həm özümüzün, həm xalqımızın, həm də bütün bəşəriyyətin taleyi ilə bağlı gözəl ümidlər doğrulsun. Bütün xalqımızı bir daha təbrik edirəm”, - deyə Şahin Həsənli qeyd edib.