"Ən nikbin adam belə nə vaxtsa intihar haqqında düşünə bilər" - Ləman Səfərova


Bu günlərdə Bakıda növbəti intihar hadisəsinin qarşısı alınıb. Polis əməkdaşları “Gənclik” metrostansiyası yaxınlığında intihara cəhd edən gənc qıza mane olmağı bacarıblar.

Yəni hadisə xoşbəxt sonluqla bitib. Amma təəssüf ki, hər dəfə sevinə bilmirik. Bəzən heç bir xəbərdarlıq, qabaqlayıcı tədbir, yalvar-yaxır işə yaramır...

 Bəs niyə intihar etmək az qala, adi hala çevrilib? 

 BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin IV kurs tələbəsi Ləman Səfərova bu barədə “Sherg.az”a danışıb.

Onun fikrincə, intihara meyillilik insandan-insana dəyişir. “İntihara cəhdin müxtəlif səbəbləri ola bilər. Əvvəlcə, səbəbi müəyyənləşdirmək lazımdır. Amma qeyd edim ki, insan “affekt” halında olanda “heç vaxt ağlımın ucundan keçməz” dediklərini də edir. Hətta ən nikbin adam belə nə vaxtsa intihar haqqında düşünə bilər. Bəzən bizim elementar qəbul etdiyimiz söz də şəxsi intihara sürükləyir. Bu, daha çox xarakter və iradə məsələsidir. İradəli və xarakterli adam dözür, səbr edir, parlaq gələcəyə inanır. Digərləri isə, əksinə, tez ruhdan düşür və çıxış yolunu intiharda görürlər”.