Dövlət başçısına yazırlar: Biz birlikdə koronavirus pandemiyasının birinci mərhələsində qalib gəldik


“Möhtərəm cənab Prezident, dünyada koronavırus pandemiyasının sürətlə və geniş yayıldığı dövrdə Sizin ölkəmizdə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Lazımi anda çox çevik tədbirlər görməyiniz bir daha onu göstərdi ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən ümdə məsələdir və daim diqqətinizdədir"

Bu sözlər Hacıqabul rayonunun Birinci Udullu kəndindən Məhəmməd Hacıyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubundandır. O daha sonra yazır:

"Ölkədə mövcud karantin rejiminin tətbiq olunması ilə yanaşı, koronavirus pandemiyasına qarşı birgə mübarizə məqsədilə beynəlxalq təşkilatlarla çoxşaxəli fəaliyyətiniz, onlara qlobal çağırışlarınız göz qabağındadır. Bu, Sizin ümumbəşəri hisslərlə yaşadığınızı və çox humanist, geniş qəlbə malik olduğunuzu sübut edir. Möhtərəm cənab Prezident, Sizinlə birlikdə ən yaxın silahdaşınız Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva koronavirus pandemiyası qeydə alındığı gündən bu sahədə çox böyük işlər görmüşdür. Mehriban xanım pandemiyanın ilk günlərində Azərbaycan xalqına bir ana kimi, bir xanım kimi müraciət edərək, onları bu amansız və gözəgörünməz xəstəliyə qarşı mübarizədə birliyə çağırdı, vətəndaşlarımızı “Evdə qal!” prinsipinə əməl etməyə, bir-birilərinə qarşı diqqətli, qayğıkeş olmağa, Operativ Qərargahın təlimatlarına əməl etməyə səsləyərək bildirdi ki, biz birlikdə koronavirus pandemiyasının birinci mərhələsində qalib gəldik. Lakin qarşıda bizi daha çətin və uzun mərhələ gözləyir. Ona görə də qaydalara riayət etmək, küçədə sosial məsafəni saxlamaq, tibbi maska taxmaq və şəxsi gigiyenanı gözləmək hər bir vətəndaşın borcudur. Son dərəcə məsuliyyətli olmalı, özümüzü, ailəmizi, yaxınlarımızı və xalqımızı gözəgörünməz düşməndən qorumalıyıq.

Möhtərəm cənab Prezident, Hacıqabul rayon sakini və bir ziyalı kimi koronavirus pandemiyası təhlükəsindən xalqımızı fədakarcasına qoruduğunuza, hər zaman vətəndaşların yanında olduğunuza görə Sizə və Mehriban xanıma Hacıqabul rayon sakinləri adından, şəxsən öz adımdan təşəkkür və minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətinin rifahı və möhkəmlənməsi naminə, çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirəm. Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun!”.