“Signify” Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır”

“Nəzərdən qaçırmayaq ki, dövlətin qüdrətini müəyyənləşdirən meyarlardan biri müasir texnologiyaları tətbiq etməsidir”


“Signify” şirkəti rəhbərlərinin təşəbbüsü ilə Prezident İlham Əliyevin keçirdiyi videokonfrans formasında görüş bir daha göstərdi ki, iri şirkətlər, o cümlədən 74 ölkədə fəaliyyət göstərən, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirən bu şirkət  ölkəmizlə əməkdaşlıq etməkdə maraqlıdır”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, “Davos” dünya iqtisadi forumunda başlanan əməkdaşlıq məsələlərinin böhranlı şəraitdə müzakirə edilməsi Azərbaycan dövlətinin  əməkdaşlığı davam etdirməkdə qərarlı olduğunu təsdiq edir:



“Cənab Prezidentin nitqindən aydın olur ki, ölkəmizin iri yaşayış məntəqələrinin işıqlandırılması üçün böyük layihələr nəzərdə tutulur və müasir texnologiyaları tətbiq etmək üçün iradə ortaya qoyulub Bu iş ardıcıl olaraq davam etdirilir. Nəzərdən qaçırmayaq ki, dövlətin qüdrətini müəyyənləşdirən meyarlardan biri müasir texnologiyaları tətbiq etməsidir.

 Dövlət başçısı bir daha söylədi ki, ölkəmizdə  insanları qorumaq üçün bütün tədbirlər görülür. Lakin bu işdə müasir və ən mürəkkəb texnoloji tələblərə cavab verən önləyici vasitələrə ehtiyac var. Deməli, bundan sonra da dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sağlamlığının qorunması dayanacaq. İndidən aydın görünür ki, böhrandan az itki ilə çıxan ölkələrdən biri Azərbaycan olacaq.

  Ölkəmizdə koronavirus əleyhinə mübarizə sahəsində həyata keçirilən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilib və yüksək  qiymətləndirilib. Bu təcrübədən digər dövlətlər də yararlana bilər”.