Gəncə ziyalıları Prezidentə yazır: “Müdrik qərarlarınız sayəsində firavan həyatımıza davam edəcəyik”


Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Gəncə şəhərindən Sevda Abdullayeva yazır:

 “Hörmətli cənab Prezident, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bunu belə ağır günlərdə xalqımızın yanında olmaqla bir daha sübut etdiniz. Çox təəssüflər olsun ki, bütün dünyanın bəlasına çevrilmiş COVID-19 Azərbaycanımızdan da yan keçmədi. Lakin Siz öz köməyinizi, qayğınızı bizlərdən, xalqımızdan əsirgəmədiniz. Ümummilli lider Heydər Əliyev xalqını böyük bəlalardan necə qorumuşdusa, Siz də bizi elə qoruyursunuz. Çünki Siz Ulu Öndərin layiqli davamçısısınız. Biz əminik ki, müdrik qərarlarınız sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizdən üzüağ çıxacaq və firavan həyatımıza davam edəcəyik. Mən öz adımdan, ailəmin və qohumlarımın adından, eləcə də, Gəncə ziyalıları adından Sizə təşəkkür edirəm. Əziz Prezidentim, biz Sizinlə fəxr edirik. Tanrı Sizi və ailənizi qorusun!”.