Tarixi fotolara "nəfəs" verən rəssam DANIŞDI: “O dövrü insanlara öz gerçəkliyi ilə hiss etdirirəm” – “Rənglənmiş tarix !" (FOTOLAR)

Məlumdur ki, yaşadığımız əsr müasir texnologiyalar dövrü və internet erası kimi səciyyələnir. İndiki halda internet, sosial şəbəkələr zəmanənin ən aktual anlayışlarıdır. Əlbəttə, bu resurslardan  düzgün istifadə etmək insanın özündən asılıdır. Sosial şəbəkə hesablarında çoxsaylı izləyici kütləsinə sahib olmaq da bir uğur sayılır.

Səhifənin formatı istəyə görə dəyişə bilər. Kimiləri insanlara xidmət məqsədi daşısa da, bəziləri tamam  əks mövqedə dayanır. Lakin elə istifadəçilər də var ki, onların hesabı çox  fərqli və izləməyə dəyərdir. Biz də bu gün  həmin səhifələrdən biri - "Rənglənmiş tarix"- haqqında danışacağıq. Bəlkə də çoxları bu adı eşidib. Bilməyənlər üçün isə məlumat verək. Səhifədə tarixin tozlu rəflərindən tapılmış köhnə şəkillər rəngləndirilmiş şəkildə paylaşılır. "Rənglənmiş tarix"ə nəzər salsanız tarixi şəxsiyyətlərlə yanaşı, Bakının köhnə şəkillərini canlı formada görə bilərsiniz. Həmin səhifə dünən Məhəmməd Əmin Rəsulzadənin 23 yaşındakı şəkilini bərpa edərək, rəngləndirilmiş formada paylaşıb..Şəkil insanlar tərəfindən olduqca bəyənilib, səhifəyə olan maraq xeyli sayda artıb.

"Sherg.az"da bu amili nəzərə alaraq, səhifənin qurucusu, həmin möhtəşəm işlərin yaradıcısı Tural Hüseynlə həmsöhbət olub. 

Söhbətimizi təqdim edirik.



-Əvvəla istərdim ki, səhifənizi sevənlər üçün özünüz haqqında məlumat verəsiniz..

-1997-ci ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə Tahir Həsənov adına 23 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində dizayner kimi təhsil almağa başladım. Hələ məktəb vaxtlarından həvəskar rəssamlıq dərslərinə gedirdim. Artıq bu sahədə primitiv biliklərə yiyələnməyə başlamışdım. Universitet illərində ixtisasım dizayner-rəssam olsa da, rəngkarlıq biliklərim də daim inkişaf edirdi. Keçdiyim  dərslər rənglədiyim ağ-qara fotoların keyfiyyətini müəyyənləşdirən əsas səbəblərdən biridir.

-Bəs "Rənglənmiş Tarix" hesabını yaradanda bir hədəfiniz, məqsədiniz var idimi?

-“Bu işə başlamağıma səbəb nə oldu?” sualını özümə verdikdə ağlıma bir çox səbəb gəlir. Düşünürəm ki, hər şey “photoshop”a və keçmişə marağımdan başladı. 12-13 yaşlarımdan qrafikaya marağım yaranmışdı. Evdə boş vaxtlarımda “photoshop”u öyrənməyə, 2017-ci ildə isə  ilk rənglənmə eksperimentlərimi etməyə başladım. İşlərimi şəxsi facebook profilimdə paylaşırdım. 2019-cu ildə artıq daimi hobbimə çevrildi. Əksər hallarda Azərbaycan və azərbaycanlılara aid tarixi əhəmiyyət daşıyan fotolardan istifadə edirdim. İnsanların işlərimə olan marağını gördükdən sonra qərara gəldim ki, onları  paylaşacağım xüsusi bir səhifə açım. Nəticədə 2019-cu ilin İyulun 1-də “Rənglənmiş Tarix” səhifəsi yarandı. 19-cu və 20-ci əsrin musiqisinə, geyim dəbinə, fotolarına, videolarına olan marağım isə məni bu işə kökləyən ən böyük səbəblərdəndir. Digər insanların  işlərimə olan marağı motivasiyamı daha da artırır.

-Şəkillərə nəzər salanda Cümhuriyyət dövrünə, Məhəmməd Əmin Rəsulzadəyə daha çox rast gəlmək olur, onlara yaradıcılığınızda xüsusi yer verirsiniz...

-Maksimum dərəcədə həm özümə, həm də digər insanlara maraqlı ola biləcək fotoları seçib rəngləməyə çalışıram.  Əksər hallarda tarixdə böyük iz qoymuş şəxslərin yer aldığı və qədim Bakının şəhər həyatını əks etdirən fotolar olur. Düşünürəm ki, foto dövrümüzdən nə qədər uzaqdırsa o qədər maraqlı və cəlbedicidir. Cümhuriyyət tarixində iz qoymuş şəxslərin şəkilləri, ümumiyyətlə həmin  dövrlə bağlı olanlar  həmişə ağlımdadır. Çünki bu şəxslər Azərbaycan tarixində mühüm yer tuturlar. Fotoları rəngləməkdə əsas məqsədim tarixə bir növ virtual səyahət etmək, həmin dövrü öz gerçəkliyi ilə insanlara daha da yaxından hiss etdirməkdir.

-Foto-şəkillərini rəngləndirdiyiniz şəxslər içərisində yaşayan sənətkarlarımız, məsələn Rasim Balayev, Fəxrəddin Manafov da var. Bu şəkilləri onlara çatdırmısınızmı ya da görməklərini istəyərdinizmi?

-Düzünü desəm, onlarla əlaqə saxlamaq heç ağlıma gəlməyib. Bəlkə də, görüblər, xəbərim yoxdur. Hər halda bəyənərlər..

-Deyirlər hər sənətkarın ən çox sevdiyi bir əsəri var. Bəs sizin üçün ən möhtəşəmi hansıdır?

-İlk yerə qoya biləcəyim işim yoxdur. Mənim üçün  hər birinin xüsusi dəyəri var. Ümumi götürsək, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid Bakı küçələrində, ictimai məkanlarında çəkilmiş fotolar ən sevdiyim işlərimdir.

-Səbəbi nədir, sizcə tarixi daha çoxmu əks etdirirlər?

-Düşünürəm ki, bu bir qədər zövq məsələsidir. Ola bilsin, bəzi insanlar 1950-ci illərə aid fotoların rənglənməsini daha cəlbedici hesab edirlər. Bəzilərinə görə isə 70-ci illərin Bakısını rəngli görmək daha maraqlıdır. Fikrimcə insanların çoxu elə  sevdiyim dövrün fotolarını rəngli görmək istəyirlər. Çünki, 100-150 il əvvəlin Bakısı 21-ci əsrin Bakısından daha çox fərqlidir, nəinki 70-ci illərin Bakısı.

-Bundan sonrakı planlarınız nədir, tarixi şəxsiyyətlər menyunuzda kimlər var?

Çalışacam ki, ilk növbədə bu günə kimi fotosunu rəngləmədiyim şəxslərdən başlayım.

- Şəkillərə baxanda sanki həmin şəxslərin bu dövrdə yaşayıb, şəkil çəkdirdiyi hissi yaranır. Heç fotoların üzərində işləyəndə ağlınızdan keçmirmi ki, kaş bizim zamanda  yaşayardılar?

-Məncə onların bu zamanda yaşaması heç də yaxşı nəticə verməzdi. Əvəzində  onlarla eyni zamanda yaşamaq istərdim. Düşünürəm ki, bu həm onlar üçün, həm də mənim üçün ən yaxşı variant olardı.

-Son olaraq bu işə yeni başlayanlara nə məsləhət görürsünüz?

-Mənə elə gəlir ki, insanların həyatdakı bütün məqsədlərinin kökündə xoşbəxt olmaq durur. Buna görə də, əsas məqsədimiz çox pul qazanmaq yox, sevdiyimiz işi görmək olmalıdır. Öz sevdiyimiz işi kəşf edib onun ardınca getsək, hər şey əla olacaq.