Monteneqro Avropada koronavirusu yenmiş ilk ölkə olub


Monteneqro Avropada koronovirusu yenmiş ilk ölkə olub. Burada aprelin 29-dan bəri ölüm hadisəsi qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, mayın 24-dən bəri ölkədə yeni yoluxma və aktiv müalicə olunan da yoxdur. Bu barədə hökumətin rəsmi Twitter səhifəsində məlumat verilib. Qeyd olunub ki, ölkə 68 günlük mübarizədən sonra koronavirusdan tam azaddır və əhali normal həyatına qayıdıb.

Monteneqronun səhiyyə naziri Kenena Xrapoviç son mətbuat açıqlamasında bildirib ki, Monteneqro Avropada koronavirusa ən gec yoluxmuş ölkə idi. İndi isə o, bu virusa qalib gəlmiş ilk ölkə olub. Nazir bu münasibətlə xalqı və səhiyyə işçilərini təbrik edib.

Ölkənin Baş naziri Duşko Markoviç isə vurğulayıb ki, iyunun 1-dən sərhədlər açılır. Hələlik sərhədlər ancaq o ölkələrə açıq olacaq ki, orada hər 100 min nəfərə 25 yoluxma sayı düşür. İlkin olaraq bu ölkələr Xorvatiya, Sloveniya, Avstriya, Almaniya, Polşa, Çexiya, Macarıstan, Albaniya və Yunanıstandır.

Ümumiyyətlə, Monteneqroda bu virusa 324 yoluxma və 9 ölüm qeydə alınmışdı.

Qeyd edək ki, bundan əvvəl Sloveniya koronavirusdan tam azad olmuş ölkə olduğunu bəyan etmişdi, lakin sonradan 16 nəfər bu virusa yoluxub.