Millət vəkili Ceyhun Məmmədov: "Yeni gənclik yetişir hansı ki, bu yeniliklərin tətbiqində maraqlıdır"

"Bu gün regionda və dünyada Azərbaycanın nüfuzu günü-gündən günə artır. Ölkəmizə böyük inam və etimad var. Azərbaycan buna həyata keçirdiyi uğurlu siyasət nəticəsində nail olub. Bu reallığı nəzərə alan bir sıra beynəlxalq qurumlar, qlobal şirkətlər Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər". 

Bu fikirləri Shetg.az-a  millət vəkili Ceyhun Məmmədov  deyib.  Qlobal bazarlarda  gedən ciddi proseslər və imza atılan   mühüm yeniliklərə toxunan deputat hesab edir ki,  Azərbaycan da bu inkişafdan geri qalmayaraq bütün sahələrdə yeni texnologiyaların, innovasiyaların tətbiqinə çalışır:

"Sözsüz ki, mürəkkəb texnoloji tələblərə cavab verən sistemlərin qurulması müasir texnologiyaların, yeniliklərin tətbiqinə, təhlükəsizliyin təmin olunmasına, sözügedən sahələrdə qənaətə və inkişafa öz töhfəsini verəcək. Qeyd edim ki, Prezident İlham Əlyevin siyasətində insanların təhlükəsizliyi və sağlamlığı prioritet istiqamətlərdən birini təşkil edir. Prezident bütün çıxışlarında bu məsələləri xüsusi vurğulayır. Biz bunu pandemiya dövründə, eləcə də ölkəmizdə bütün sahələrdə həyata keçirilən siyasətdə açıq görürürük. Bunun üçün gərəkən addımlar hər zaman atılır. Mayın 22-də “Signify”  şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin rəhbər şəxsləri arasında baş tutan videokonfrans da göstərir ki, şirkətlə əməkdaşlıq  bu məqsədə xidmət edir. 
Azərbaycanın bu səyləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Biz dəfələrlə şahidi olmuşuq ki, beynəlxalq qurumların və qlobal şirkətlərin rəhbərləri Prezident İlham Əliyev haqqında yüksək fikirlər söyləyirlər. Bu həm də ölkəmizə göstərilən böyük diqqətin və önəmin göstəricisidir". 

Deputatın sözlərinə görə, Azərbaycanda əldə edilən təhlükəsizlik və ictimai-siyasi sabitlik xarici şirkətlərin ölkəmizə marağını daha da artırır. Sərmayenin yatırılması və əməkdaşlığın qurulmasında bu kimi amillər ciddi rol oynayır:

"Azərbaycanın yeni texnologiyalar və innovasiyaların tətbiqi, bütün sahələrdə inkişaf və yeniliyin tətbiqi ilə bağlı konkret hədəf və məqsədlər vardır. Ölkə başçısı bu istiqamətdə səylə çalışır. Azərbaycan qısa müddətdə bu sahədə də böyük uğurlara imza atacaq. Bunu etmək üçün ölkəmizdə kifayət qədər potensial və imkan var. Yeni gənclik yetişir hansı ki, bu yeniliklərin tətbiqində maraqlıdır. Öyrənməyə, tətbiq etməyə çalışır. Bu eyni zamanda sözügedən sahədə səmərəliliyə və artıma öz töhfəsini verəcək".