"Yeni texnologiyalar yeni dinamizmə, tərəqqiyə, rifaha xidmət edir" - Aydın Hüseynov

“Signify” kimi şirkətlərin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizin nüfuzu, əlverişli biznes və sərmaye mühitinin olması ilə əlaqədardır.
Bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılan addımları isə Azərbaycanda aparılan islahatların nəticəsi kimi qiymətləndirmək olar.
Son iki ildə Azərbaycanda genişmiqyaslı kadr, struktur, iqtisadi, sosial islahatlar aparılır. Bu isə “Signify” kimi şirkətlərin Azərbaycana verdiyi önəmin səviyyəsini daha da artırır. Əməkdaşlığın genişlənməsinin səbəblərindən biri də odur ki, Azərbaycan dövləti müasir texnologiyalara, innovativ resurslarla inkişafı qarşısına məqsəd qoyub.

Millət vəkili Aydın Hüseynov Sherg.az-a açıqlamasında  bildirib ki,  Prezident İlham Əliyevin Azərbaycanda ağıllı sistemlərin tətbiqi ilə bağlı gördüyü işlər ölkənin inkişafında keyfiyyətcə yeni mərhələ olacaq. 

Söhbət zamanı deputat  ölkə rəhbəri ilə "Signify" şirkətinin rəhbərləri arasında keçirilən videokonfrans zamanı belə layihələrin ölkəmizin inkişafı istiqamətində müstəsna əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Həyata keçiriləcək layihə çərçivəsində bu il sentyabrın sonunadək Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və bu sistemin işə salınması elektrik enerjisindən hazırkı istifadəni təxminən 50 faizədək qənaət etməyə imkan verəcək. İşıqlandırmanın ən son yenilikləri Bakıda tətbiq olunacaq. Xüsusi vurğulamaq lazımdır ki, Sumqayıt şəhərində küçələrin işıqlandırılması ilə bağlı qiymətləndirmə prosesi başlanılıb və bu, "Ağıllı ölkə" layihəsinin icrasında mühüm komponent kimi nəzərdən keçiriləcək.
Millət vəkilinin sözlərinə görə,  ölkə rəhbəri  tərəfindən aparılan islahatların nəticəsidir ki, "Signify" və "CISCO" kimi dünya miqyaslı şirkətlər hazırda Azərbaycanla əməkdaşlıq edir və ölkəmizdə ən qabaqcıl texnologiyaların tətbiqi üçün real fəaliyyət göstərirlər. Yeni texnologiyalara tam açıq olan və innovativ ideyaların tətbiqində çevik addımlar atan Azərbaycan bu məsələdə qabaqcıl ölkələrin mövqeyinə yüksəlib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni texnologiyalar yeni miqyasa, dinamizmə, tərəqqiyə, yeni iş yerlərinə və ümumi rifaha xidmət edir.