"Ölkəmiz həm də ən müasir idarəetmə və xidmət texnologiyalarını istehsal etmək gücündədir"

"Azərbaycan prezidentinin postpandemiya dövrü üçün də dərin məzmunlu və tutumlu iqtisadi, sosial və investisiya layihələri var"

"Prezident İlham Əliyev "Signify" şirkətinin rəhbərliyi ilə videosöhbətlə beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində öncəki razılaşmalara nə qədər sadiq və ardıcıl olduğunu bir daha sübut etdi". 

Bu fikirləri “Sherg.az”a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, "Signify" şirkətinin rəhbərliyi ilə Azərbaycan Prezidentinin videogörüşü ölkəmizin qeyri-neft sektorunda başlanan uzunmüddətli daha bir texnoloji əməkdaşlığın sübutu kimi də qəbul oluna bilər: 

"Cənab Prezident "Signify" şirkəti ilə müzakirələrdə Azərbaycanın ən müasir texnologiyaların qəbuluna hərtərəfli hazır olduğunu sübut etdi . Ölkə başçısının müasir texnologiyaları qəbul etmək üçün yetərli insan kapitalına malik olduğumuz barədə fikirləri strateji əhəmiyyət daşıyır. Bu, Qərb şirkətlərində Azərbaycanın həqiqətən də müasir texnologiyaları qəbul etməyə hazır olması ilə bağlı bir daha əminlik yaradır".

Ekspert vurğulayıb ki, ölkə başçısının görüş zamanı "Azərbaycanın bəzi dövlət və sosial xidmət layihələrinə beynəlxalq maraq var" fikri çox əhəmiyyətlidir: 

"Dövlət başçısı sübut etdi ki, ölkəmiz nəinki müasir texnologiyaları qəbul etməyə hazır, həm də ən müasir idarəetmə və xidmət texnologiyalarını istehsal etmək gücündədir. Prezidentin "Signify" şirkəti ilə müzakirəsi ölkəmizin şəhər təsərrüfatlarının və bələdiyyə idarəçiliyinin də rəqəmsal texnologiyaları qəbul etməyə hazır olduğunu da göstərdi. Bu müzakirələr həm də Azərbaycanın kənd təsərrüfatı sektorunun daha böyük rəqəmsallaşma prosesi ərafəsində olduğunu göstərmək baxımından da əhəmiyyətli idi. Prezidentin "Azərbaycan elektron kənd təsərrüfatı sistemi həyata keçirir" sözləri beynəlxalq şirkətlərdə ölkəmizin qeyri-neft sektorunun həqiqətən böyük inkişaf imkanlarına malik olduğu rəyini daha da möhkəmləndirir. Bu məqam Azərbaycanın xüsusilə də kənd təsərrüfatına xarici investisiyaların cəlbi perspektivinin geniş olduğunu göstərmək baxımından da əhəmiyyətlidir".

A.Quliyev qeyd edib ki, ölkə başçısının mühüm şirkət rəhbərləri ilə müzakirələri göstərir ki, Azərbaycan prezidentinin postpandemiya dövrü üçün də dərin məzmunlu və tutumlu iqtisadi, sosial və investisiya layihələri var: 

"Bakı, Sumqayıt və digər şəhərlərimizin təsərrüfatının rəqəmsallaşdırılması barədə müzakirələr Azərbaycanın böyük inkişaf perspektivlərindən xəbər verir. Daha vacib məqamlardan biri də budur ki, beynəlxalq şirkətlər də Azərbaycanın böyük inkişaf və sabitlik perspektivinə malik olduğuna şübhə etmirlər. "Signify" şirkətinin rəhbərinin Prezident İlham Əliyevlə müzakirələrdə çox həvəsli iştirakı bir daha sübut etdi ki, Azərbaycan hətta dünyanın iqtisadi fəallığının iflic olduğu indiki şəraitdə də dünya üçün öz cəlbediciliyini itirməyib".