"Uşaqlı ailələrlə deyil, ailəsiz uşaqlarla görüşəcəkdim..." - Jalə Əliyeva

"Etdim də. Bir günlük deyil, heç olmasa bir saatlıq da olsa onları anaları kimi qucaqlamaq, öpmək, əzizləmək istədim"

Millət vəkili Jalə Əliyeva Ramazan bayramı münasibətilə 22-25 may tarixlərində Zərdabda və Ucarda olub. Deputat bu barədə şəxsi feysbuk səhifəsində məlumat verib:



“Uşaqlığımdan bəri mənə hakim olan bir düşüncə bu gün də məni tərk etməyib. Bayramlar sanki uşaqlar üçündür. Bayramlar sanki ilk növbədə uşaqların sevinməsi və bizim də onları sevindirməyimiz üçün düşünülüb... "Dünyanı verək uşaqlara bir günlüyünə" , deyirdi böyük Nazim Hikmət. Bir uşağın üzünün gülməsi nə qədər gözəldirsə, bir uşağın ağlaması min o qədər üzücüdür... Hər gedişimdə müəyyən kateqoriya ailələrlə görüşürəm. Bu səfər isə sırf uşaqlarla görüşməyi planlaşdırdım. Amma bir məqamı vurğulamaq istəyirəm. Uşaqlı ailələrlə deyil, ailəsiz uşaqlarla görüşəcəkdim. Bəli, kiçik yaşlarından ana, ata nəvazişindən məhrum olan, ən yaxşı halda nənəyə, babaya, onlar yoxdursa dayıya, xalaya sığınan, tale üzlərinə heç gülməyibsə hansısa bir qohuma pənah aparan uşaqları görəcək, onları təbrik edəcəkdim. Etdim də. Bir günlük deyil, heç olmasa bir saatlıq da olsa onları anaları kimi qucaqlamaq, öpmək, əzizləmək istədim. Karantin məhdudiyyətlərinə, tələblərinə maksimum riayət etməyə çalışsaq da təəssüf ki, məhz yuxarıda qeyd etdiyim məlum səbəblə bu tələblərə tam əməl edə bilmədik. Zərdabın Gəlmə, Aşağı Seyidlər, Şıxbağı, Dəliquşçu, Hüseynxanlı, Gödəkqobu, Məmmədqasımlı, Çallı, Ucarın Lək, Bərgüşad kəndlərində oldum. Müxtəlif yaşlarda olan, müxtəlif şəraitlərdə yaşayan 21 gözəl göyçək, ağıllı-kamallı balayla görüşdüm”.



Deputat qeyd edib ki, Ramazan - yardımlaşma, paylaşma, mərhəmət ayıdır:

“Bu bayramda təşəbbüsümüzə qoşulan hər kəsə, xüsusilə Yeni Yurd İctimai Birliyinin sədri, iş qadını, xeyirpərvər Mahirə xanım Əsədovaya görüşdüyümüz ailələrə göstərdiyi maddi yardıma üçün təşəkkür edirəm. Bir də, ölkəmiz və xalqımız naminə gördükləri misilsiz işlərə görə həm ölkə Prezidenti cənab İlham Əliyevi, həm də Birinci vitse prezident xanım Mehriban Əliyevanı ürəkdən sevən, onları hər an dəstəkləyən bütün insanlara, dövlətə və dövlətçiliyə ürəkdən bağlı olduqları üçün dərin minnətdarlığımı bildirirəm”.