Səudiyyə Ərəbistanının Kralı və vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu göndəriblər


İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun təbrik məktubunda deyilir:

“Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzu edirəm”.

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm”.