Moldova beynəlxalq avtobus və dəmiryol nəqliyyatı daşımalarını bərpa edir


Moldova mayın 26-dan etibarən koronavirus pandemiyasına görə müvəqqəti olaraq dayandırılmış beynəlxalq avtobus və dəmiryol nəqliyyatı daşımalarını bərpa edir.

AZƏRTAC xəbər verir ki, bu qərar mayın 25-də ölkənin Səhiyyədə Fövqəladə Hallar üzrə Milli Komissiyası tərəfindən qəbul edilib.

“Beynəlxalq avtobus və dəmiryol nəqliyyatı daşımaları mayın 25-dən etibarən bərpa olunacaq. Sərnişinlərin girişdə temperaturu yoxlanılacaq və bütün salonlar müntəzəm olaraq dezinfeksiya olunacaq”,- deyə məlumatda bildirilir.

Bundan əlavə, komissiya ölkəyə girən bəzi kateqoriyalı vətəndaşlar üçün məcburi karantin qaydalarını ləğv etmək qərarına gəlib.

Temperaturu və yoluxucu tənəffüs xəstəliklərinin əlamətləri olmayan aşağıdakı kateqoriyadan olan şəxslərə: yük daşıyan sürücülərə və texniki heyətə; təyyarə və qatarların ekipajlarına; səhhəti ilə bağlı səyahət edənlərə və onları müşayiət edənlərə (təsdiqedici sənədləri təqdim olunduqda); xaricdə təhsil alan imtahan verməli olan şagirdlərə və tələbələrə; iş üzrə səyahət edənlərə (vizalarla və digər hüquqi sənədlərlə təsdiq olunduqda); ölkədən tranzitlə keçənlərə, diplomatik missiyaların və onların ailə üzvlərinə qarşı 14 günlük özünütəcrid qaydaları tətbiq edilməyəcək.