İtlərə işgəncə verənlər tənqid olundu: “...Qandan həzz alırlar” – Psixi pozuntu 

"Təbii ki, normal psixologiyaya malik insanlar bunu etməzlər"


Tez- tez mətbuatda kimlərinsə heyvanlara zülm etdiklərini, öz şəxsi maraqları, mənfəətləri üçün onların başına minbir oyun açdıqlarını oxuyuruq. Bu günlərdə Sumqayıtda da belə bir hadisə baş verib. Bir qrup gənc itlərə narkotik vuraraq onları döyüşdürüb, uduzanı kəsərək ətini qalibə yedizdirib. İnsan oğlu bunu edərmi? Canlı olanı canlıya zülm verməyə vadar edən nədir?!




Psixoloq Aytac Həsənova "Sherg.az"a açıqlamasında bunun insan psixologiyası ilə bağlı olduğunu söylədi:

"Onlar itlərin bir- birini yaralamasından, qandan həzz alırlar. 

Təbii ki, normal psixologiyaya malik insanlar bunu etməzlər. Belələri həddən çox coşğulu, qəddarlığı təcəssüm edən, hirsli insanlar. Onlar həyatda heç nəyə nail ola bilməyiblər. Bu səbəbdən də  özlərini heyvanlar üzərindəki vəhşiliklə təsdiqləmək istəyirlər". 

A.Həsənovanın sözlərinə görə, psixoloq bu cür psixoloji pozuntusu olanlara müəyyən mənada yardım edə bilər:

 "Bu cür hallar uşaqlıqda yaranan və illər uzunu davam edən psixoloji pozuntulardır. Düzdür, psixoloq dərman yazmır. Lakin terapiyalarla, konsultasiya vasitəsilə şüuraltına düşüb, problemi həll etmək, aqressiyanı, hirsi azaltmaq mümkündür".

Psixoloq insanları daha diqqətli olmağa çağırdı:

"Heyvanlara qarşı diqqətli davranmaq lazımdır. Onlari incitmək olmaz. Axı onlar da bir canlıdır. Hətta it insanın dostudur. İnsan dostuna bunu edər?!"