“Azərbaycan dünyanın böyük şirkətləri üçün cazibəli ölkədir”

“Bu isə ölkəmizin tərəqqisi üçün etibarlı zəmin yaradır"



"Hamımız Prezident İlham Əliyevin gündəlik iş qrafikinin, görüş və səfərlərinin həddindən artıq sıx olduğunu bilirik".

Bunu "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri ölkə başçısının bugünlərdə texnologiya sahəsində inkişaf etmiş bir neçə şirkətin rəhbərləri ilə görüşlər keçirməsinin önəmli olduğunu vurğulayıb:

"Bu görüşlər sırasında heç şübhəsiz ki, CİSCO və "Signify" şirkətlərinin rəhbərləri ilə baş tutan görüşlər ilk növbədə vurğulanmalıdır. Sözügedən şirkətlər müasir texnologiyaların tətbiqi sahəsində dünya miqyasında öz sözünü demiş, innovativliyini sübut etmiş şirkətlərdən sayılır. Hər iki şirkətin rəhbərləri ilə keçirilən videokonfranslarda Prezident İlham Əliyev onlar tərəfindən Azərbaycanda ən müasir texnologiyaların quraşdırılması ilə bağlı əhəmiyyətli məqamlara toxunub. Dövlət başçısı Azərbaycanda texnologiyaların inkişafına ciddi önəm verildiyini qeyd edib. Yeri gəlmişkən, bir müddət öncə ölkə başçısının CİSCO şirkətinin rəsmiləri ilə videokonfrans formatında keçirilən görüş də elə həmin şirkətin texnologiyaları əsasında baş tutmuşdu. "Signify" şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə isə dövlət başçısı şirkətlə ölkəmiz arasında əməkdaşlıq sayəsində tezliklə Bakı və Sumqayıtın işıqlandırılmasının ən müasir texnologiyalar əsasında yenidən təşkil ediləcəyini bildirib".



Politoloq vurğulayıb ki, bu şirkətlərin rəhbərləri də öz növbəsində pandemiya dövründə Azərbaycan Prezidentinin müasir texnologiyaların tətbiqi ilə bağlı  təşəbbüslərini və həyata keçirdiyi siyasəti yüksək qiymətləndiriblər:

"Onlar qeyd ediblər ki, Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, daha sonra isə Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi bir daha təsdiq etdi ki, İlham Əliyevin apardığı siyasətin mərkəzində duran məsələlərdən biri də ən müasir texnologiyaların dövlət idarəçiliyində tətbiq edilməsidir. Bu çox mühüm məqamdır. Birmənalı şəkildə vurğulamaq olar ki, Azərbaycan Cənubi Qafqazda müasir texnologiyalara, yeni ideyaların tətbiqinə ən açıq ölkə hesab olunur. Elə “Signify” kimi nüfuzlu şirkətlərin ölkəmizlə əməkdaşlığının genişlənməsinin əsas səbəblərindən biri də Azərbaycan rəhbərliyinin müasir texnologiyalarla, innovativ resurslarla işləməyə böyük önəm verməsi ilə bağlıdır. Hazırda Azərbaycan dövləti müasir texnologiyalara, innovasiyalara əsaslanaraq inkişaf etməyi öz qarşısına əsas prioritet vəzifələrdən biri kimi qoyub. “Signify”nin rəhbəri Erik Rondolat sözügedən videokonfransda Prezident İlham Əliyevə bildirib ki, “Mən çox şadam ki, Siz ölkənizdə texnologiyaların inkişafına böyük önəm verirsiniz. Çünki bəzi ölkələr texnologiyanın ölkənin inkişafı üçün mühüm bir vasitə olduğunu bilmir və ya buna əhəmiyyət vermir. Azərbaycanda isə Siz bu texnologiyaların çox mütərəqqi əhəmiyyətini nümayiş etdirirsiniz”. 

Analitik bəyan edib ki, Prezident İlham Əliyev də sözügedən görüşlərdə vurğuladı ki, bundan sonrakı dövr ərzində texnologiyaların üstünlüklərindən istifadəyə daha çox ehtiyac olacaq:

"Odur ki, dövlət başçısı həmin şirkətlər qarşısında yaxın dövr ərzində ən müasir texnologiyaların Azərbaycana gətirilməsi ilə bağlı bir sıra önəmli məsələlər qaldırıb. Prezident İlham Əliyev həmçinin koronavirus pandemiyasının yaratdığı problemlərdən dolayı, ən müasir və mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyac olduğunu vurğulayıb. Onu da deyib ki, Azərbaycanda yeni texnologiyalar və innovasiyalar üçün əhəmiyyətli insan kapitalı yaradılıb. Bu da olduqca mühüm amildir. Çünki gərəkən kriterlərə uyğun insan resursları olmazsa innovativ resurslar və texnologiyaların da heç bir anlamı, əhəmiyyəti olmaz. Texnologiyalar və gəlişmiş insan kapitalı bir-birilə sıx bağlı olan iki əsas komponentlər sayılır. Bunların biri digərini tamamlayır. Bu baxımdan Azərbaycan çox şanslı ölkədir. Bir sözlə, bu gün dünyanın aparıcı şirkətlərinin fəaliyyəti üçün ən müasir texnologiyaların Azərbaycana gətirilməsi üçün Azərbaycanda çox gözəl imkanlar və biznes potensialı var. Başqa sözlə desək, Azərbaycan dünyanın böyük şirkətləri üçün kifayət qədər cazibəli ölkədir. Bu isə ölkəmizin tərəqqisi üçün etibarlı zəmin yaradır".