Uzun illər kənd təsərrüfatına perspektivsiz sahə kimi baxılıb, amma indi vəziyyət dəyişib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi aqrar sektorun inkişafı uğurla həyata keçirilir.
Mayın 22-də “Signify”  şirkətinin  rəhbər nümayəndələri ilə  keçirilən videokonfransda  Prezident İlham Əliyev  bu məsələyə də diqqət ayırıb. Ölkə rəhbəri qeyd edib ki, bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. 

Qeyd edək ki gənclərin aqrar sektora yönəlməsi  təkcə bu sahənin prioritet istiqamətə çevrilməsindən deyil, həmçinin gənclərin sahəyə marağının artmasından xəbər verir.

Aqrar sahənin inkişafı ölkədə prioritet vəzifə olduğu bir vaxtda bu sahənin mütəxəssislərinin yetişməsi  təbii ki, vacib məsələlərdəndir. Ancaq bu gün aqrar sahədə mütəxəssis qıtlığının, uzun illər kənd təsərrüfatı sahəsinin diqqətdən kənarda saxlanması ilə bağlı olduğunu heç kim inkar etmir. Nəticədə kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirmək üçün xarici ölkələrdən mütəxəssislər dəvət olunur. Milli kadrların yetişməsi üçün müəyyən qədər vaxta ehtiyac olduğunu vurğulayan ekspertlər isə hesab edir ki, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi çərçivəsində aqrar sahədə ali təhsilin inkişafı, o cümlədən məzunların işlə təminatına müvafiq köməkliyin göstərilməsi, «ikili diplom» proqramlarının tətbiqi və s fonunda  məsələnin dövlət üçün nə qədər əhəmiyyətli olduğu anlaşılır.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli hesab edir ki,  kənd təsərrüfatı torpaqla, bağçılıqla bağlı olduğu üçün bu sahədə oxuyanların əksəriyyəti  sonradan işləmək üçün bu sferanı seçmirlər:

"Uzun illər  kənd təsərrüfatına gəlirlik baxımından perspektivsiz sahə kimi baxılıb.  Peşə baxımından da kənd təsərrüfatı sahələrinə azgəlirli sahə kimi yanaşılıb. Lakin qidanın strateji əhəmiyyəti bütün dünyada artır. İnsan qidasız yaşaya bilməz. Bu qidanı istehsal edən peşələrin də get-gedə əhəmiyyəti artır. Dünyada trendlər belədir ki, ən nüfuzlu ixtisaslar, karyeralar məhz qida strategiyası üzərində qurulur”. 

Son illər ölkəmizdə  aqrar sahəyə münasibətin tədricən dəyişdiyini vurğulayan ekspert deyib ki, ictimai rəydə, yanaşmalarda köklü dəyişikliklər hiss olunur:

"Əgər bir neçə il əvvəl kənd təsərrüfatı ölkədə hörmətdən düşmüş bir sahə hesab olunurdusa, bu gün məsələnin aktuallığı artır. Bu baxımdan 
  aqrar sahə üzrə təhsil alan tələbələrin xarici təcrübəni öyrənməsini vacib hesab edirəm. Dünyada yeni trend daşıyan aqrar ixtisaslar, biotexnologiyaların, innovasiyaların tətbiqi, seleksiya elmi ilə bağlı olanlar həm aqrar, həm də tədris universitetlərinin təhsil proqramına salınmalıdır. Çünki bunlar gələcəyə ünvanlanan peşələr sayılır".