"Hər kəs Azərbaycanın müstəqilliyini istəyirdi" 


Bu gün Şərq aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının üzərindən 102 il ötür.

1918-ci ilin 27 mayında Məhəmməd Əmin Rəsulzadə başda olmaqla millət fədailəri "Efendilər, yarın cümhuriyyəti elan ediyoruz" dedilər və sözlərinin üstündə durdular. Nəticədə 23 ay yaşayan, amma bütöv bir tarix olan, uzun, tərəqqi dolu əsrlər üçün özül yarandı.

 Tədqiqatçı Dilqəm Əhməd AXC- in yaranması barədə "Sherg.az"la tarixi faktları bölüşüb:

"Əslində bu ideya daha əvvələ, XX əsrin ilk illərinə aiddir. 1900-cü illərdə, l Rus inqilabı dövründə Azərbaycan ziyalılarının fəaliyyəti, həmçinin "Həyat", "İrşad", "Açıq söz" kimi qəzetlərin nəşri böyük bir tarixi hadisə üçün zəmin yaratdı. Azərbaycan mütəfəkkirləri, o cümlədən Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov və başqaları bu işdə çox böyük xidmət göstərdilər. l Dünya müharibəsindən sonra əvvəlcə fevral, sonra oktyabr inqilabları nəticəsində Çar Rusiyası dağıldı. Bununla da Cümhuriyyətin yaranması üçün əlverişli şərait  meydana gəldi. Cənubi Qafqazı idarə etmək üçün təşkil edilən Zaqafqaziya seymi uğursuz oldu. Gürcüstan mayın 26-da bu qurumun tərkibindən çıxdı. Azərbaycan isə iki gün sonra, yəni 28 mayda müstəqilliyini elan etdi. Həmin gün saat 9-a on dəqiqə işləmiş Milli Şuranın iclası keçirildi. Hər kəs Azərbaycanın müstəqilliyini istəyirdi. Beləliklə,  bütün üzvlərin müsbət səsi ilə AXC yarandı".