Türkiyə, Azərbaycan, Gürcüstan, Türkmənistan və Əfqanıstan arasında imzalanan saziş təsdiqlənib


Türkiyə, Azərbaycan, Gürcüstan, Türkmənistan, Əfqanıstan və Macarıstan ilə imzalanan beynəlxalq müqavilələr təsdiqlənib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyə rəsmi qəzetləri məlumat yayıb.

Məlumatda bildirilib ki, 15 noyabr 2017-ci il tarixində Aşqabadda imzalanan "Tranzit və Nəqliyyat Əməkdaşlıq Sazişi"nin (Lapis Lazuli Marşrutu Sazişi) təsdiq edilməsi qərara alınıb.

Sazişdə Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkmənistan arasında sərnişinlərin və daşınmaların asanlıqla təşkili, təhlükəsizliyinin təmin edilməsi və tranzit daşınması üçün lazımi dəstək verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, rəsmi qəzetdə 7 noyabr 2019-cu ildə Budapeştdə imzalanan "Türkiyə Hökuməti ilə Macarıstan Hökuməti arasında Mədəni Əməkdaşlıq Sazişi"nin təsdiqlənməsi ilə əlaqədar qərar da nəşr olunub.

Bu saziş isə iki dövlət arasında mövcud mədəni əlaqələri gücləndirmək və həmrəylik, hörmət əsasında birgə əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi daşıyır.

Saziş həmçinin iki ölkə arasında mədəni irsin qorunması, bərpası və elmi tədqiqatı, mikro əlyazmaların hazırlanması və kolleksiyaları zənginləşdirmək üçün digər kitabxana materiallarının rəqəmsal nüsxələrinin mübadiləsi ilə bağlı birgə layihələri də əhatə edir.