Cümhuriyyətin şanlı tarixinin ilk izləri burada saxlanılır


1918-ci il may ayının 28-də Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildi. Müstəqilliyini elan edildikdən 19 gün sonra, iyunun 16-da hökumət Tiflisdən Gəncəyə köçdü. 1908-ci ildən Gəncə qubernatorunun iqamətgahı yerləşən binada Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin keçirdiyi ilk iclas baş tutdu. Onun yaxınlığındakı binada isə bir sıra dövlət idarələri yerləşdi.



Cümhuriyyətin ən mühüm qərarları verilən bu binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan “Xalq Cümhuriyyəti Müzeyi” fəaliyyət göstərir. Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövrünə aid eksponatlar, mürəkkəb siyasi dövrdə fəaliyyət göstərən cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar, qərarlar və sənədlər nümayiş olunur. Eyni zamanda cümhuriyyətin ilk baş naziri Fətəli xan Xoyskinin iş otağında onun şəxsi əşyaları, divan, oturacaqlar, sənədlər və digər nümunələr saxlanılır.