“Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması prioritetdir”

“ “Qobu Park-3” yaşayış kompleksləri məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarının daha bir sübutudur"



"Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşmür".
Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. 
Millət vəkili qeyd edib ki, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir:

"2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən görüşdə İlham Əliyev "ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - demişdi. Verdiyi vədlərə sadiq qalan dövlət başçımız çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoydu. Mcəburi köçkünlər müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər. Belə qəsəbələrin açılışında Prezident İlham Əliyevin iştirakı isə qaçqın və məcburi köçkünlərə nə dərəcədə yüksək səviyyədə qayğı göstərildiyinin daha bir real sübutudur. Yaradılan şəraitlə dövlət başçısının bilavasitə yerində tanışlığı, məcburi köçkünlərin evində qonaq olması, onlarla birbaşa təması həm də Azərbaycan Prezidentinin bu insanlara xüsusi diqqətinin real göstəricisidir.

“Ən böyük arzum, – əminəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur, – doğma torpaqlarımızda, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan dövləti tərəfindən tikilmiş yeni mənzillərdə, yeni evlərdə sizin uşaqlarınızın, nəvələrinizin, nəticələrinizin toy mərasimində birgə iştirak edək” – deyən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyəti də intensiv və sistemli xarakter alıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Lökbatanda “Qobu Park-1”, “Qobu Park-2” və mayın 28-də istifadəyə verilən “Qobu Park-3” yaşayış kompleksləri məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarının daha bir sübutudur".

Parlament üzvü vurğulayıb ki, qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədə - “Qobu Park-3” yaşayış kompleksində istehsalat sahələri, ticarət obyektləri, park, uşaq əyləncə meydançaları, avtomobil dayanacaqları ilə yanaşı ilk dəfə olaraq iki biznes layihəsi də sakinlərin ixtiyarına verilib: 

"Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizinin “Qobu Park 3”ün sakinlərindən formalaşdırılması da məcburi köçkünlərin məşğulluğunun dövlət başçımızın diqqətindən kənarda qalmadığının göstəricisidir. Ölkə Prezidentinin görüşdə söylədiyi sözlər yurd nisgili ilə yaşayan insanların tezliklə ata-baba torpaqlarına qayıdacaqlarına əminliklərini daha da artırıb. Onlar yaxşı bilirlər ki, işğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlət başçısının rəhbərliyi ilə daha təmtəraqlı, yüksək şəraiti evlər inşa olunacaq".