“Azərbaycan dövləti məcburi köçkünlərinin daim qayğısını çəkir”

“Onların şəraitinin yüksək olması üçün əlindən gələni edir”



Prezident İlham Əliyev Məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib. Ölkə başçısı Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqətin nümunəvi xarakter daşıdığını deyib.
Prezident qeyd edib ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə həll olunur:

“Məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğv olunması böyük uğurdur. İndiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. Məcburi köçkünlərin sosial təminatı yaxşılaşır, onlara verilən müavinətin həcmi 50 faiz artıb. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. 

Ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra orada gözəl binalar, şəhərciklər tikiləcək, ermənilər tərəfindən dağılmış şəhərlərimiz yenidən qurulavcaq”.

Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, dövlət büdcəsindən məcburi köçkünlər üçün kifayət qədər vəsait ayrılıb:

“Ölkə başçısının imzaladığı bütün fərman və sərəncamlarda ilk növbədə qaçqınların və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ön planda durur. Bu gün yalnız Bakı şəhərində yataqxanalarda yaşayanlar qalıb. Onlar da yeni ilə qədər mənzillərə köçürüləcəklər. Bütün bayramlarda dövlət ilk olaraq qaçqın və məcburi köçkünləri sevindirir. Bu, yalnız Azərbaycan prezidentinin sosial qayğıya ehtiyacı olanlara göstərdiyi böyük diqqətin nümunəsidir”.

Dövlət başçısının məcburi köçkünlərə diqqət və qayğısının daimi olduğunu deyən deputat vurğulayıb ki, bu məsələ cənab Prezident üçün prioritetdir. Onun sözlərinə görə, dövləti, həyatın sərt sınağı ilə üzləşərək məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir: 

"Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından məhrum olan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Son 15 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti məcburi köçkünlərinin daim qayğısını çəkir, onların şəraitinin yüksək olması üçün əlindən gələni edir”.