“Soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar”

“Ölkə başçısının bununla bağlı söylədiyi fikirlər xalqımızda ciddi şəkildə nikbinlik doğurmaqdadır”



“Cənab Prezidentin işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı gördüyü işlər birmənalı və dəyişilməzdir. Ölkə başçısı 2003-cü ildə Prezident seçildiyi andan bu günə qədər Ermənistana və onun işğalçılıq siyasətinə qarşı barışmaz mövqe nümayiş etdirməkdədir”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında “Ana Vətən” Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Parlamentari qeyd edib ki, ölkə başçısının yürütdüyü siyasət bütün vətəndaşlarımızın, xüsusilə məcburi köçkünlərimizin nikbinliyinə şərait yaradır:

“Prezidentin təşəbbüsü ilə həyata keçirilən hücum diplomatiyası Prezident səviyyəsində uğurla həyata keçirilməkdədir. Ermənistan işğlaçı dövlət kimi beynəlxalq ictimaiyyət tərəfindən getdikcə ciddi şəkidə qınanılmaqdadır. Bütün platformada cənab Prezdentin mövqeyi eyni şəkildə bir-birini tamamlayır.

Prezident “Qobu Park-3” yaşayış kompleksinin  açılış mərasimində bildirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, bunun başqa alternativi yoxdur. Əlbəttə ki, işğala məruz qalan torpaqlarımız azad edildikdən sonra onların bərpası geniş miqyas alacaq. Hazırda müvəqqəti olaraq dövlətimizin qayğısı ilə yüksək səviyyədə tikilib istifadəyə verilən binalarda yaşayan soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. Ölkə başçısının bununla bağlı söylədiyi fikirlər xalqımızda ciddi şəkildə nikbinlik doğurmaqdadır”.