«Peşə təhsili günün tələbidir, çünki...»

“Bir çox kənd və rayonlarımızda müxtəlif peşə sahələrində kadr çatışmazlığı var”

“Düşünürəm ki, kursların təşkili rayonlarda orta ixtisas sahibi olan sənətkarlar probleminin aradan qaldırılması istiqamətində mühüm addımdır”




Yaxın zamanlarda Quba, Bərdə və Şəki rayonlarında peşə tədrisi mərkəzlərinin yaradılması planlaşdırılır. Məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkili üçün müasir infrastrukturun qurulmasıdır.

Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq. Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların yeni yiyələndikləri peşələr üzrə məşğulluğu təmin olunacaq.

Kursların effektiv olub-olmayacağına dair fikirlərini “Sherg.az”la bölüşən  Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə ekspert Məlahət Mürşüdlü bildirib ki, son zamanlar ölkəmizdə peşə təhsilinə xüsusi diqqət yetirilir. Ekspertin sözlərinə görə, hər kəs  ali təhsil almaq imkanına malik deyil:

“Həm də məcbur deyil ki, 10 milyonluq əhalinin hamısı ali savadlı olsun. Peşə təhsilinə diqqət yetirilməsi bu günün tələbidir. Ölkəmizdə peşə təhsili məktəbləri şəbəkəsinin genişləndirilməsi, onların müasir tələblərə cavab verməsi, maddi-texniki təminatı, texniki işçilərin peşəkarlıq səviyyəsi və şagirdlərin cəlb edilməsi istiqamətində mühüm işlər görülüb. 5 il öncə Təhsil Nazirliyinin nəzdində agentlik yaradıldı. Hesab edirəm ki, kursların yaradılması da görülən işlərın davamıdır”.



M.Mürşüdlü bir çox kənd və rayonlarımızda müxtəlif peşə sahələrində kadr çatışmazlığı da diqqətə çatdırıb:

“Bir çox sahələr var ki, orada əhalinin tələbatını ödəyəcək mütəxəssislər, ixtisas sahibləri yoxdur. Məsələn, televizorların və soyuducuların təmiri, texniki sanitar şəbəkələrin istifadəyə verilməsi. Bu sahələrə tələbat çoxaldıqca peşə sahibinə malik olan insanlara da tələbat artır. Fikrimcə, hələ bu sahədə gecikmələr var. Kursların təşkilini bu il edirik, halbuki 15 il öncə etməliydik ki, həmin kənd və rayonlarında dediyim problemlər baş verməsin. Bu baxımdan peşə təşkili mərkəzlərinin yaradılması gec də olsa müsbət addımdır. Düşünürəm ki, kursların təşkili rayonlarda orta ixtisas sahibi olan sənətkarlar probleminin aradan qaldırılması istiqamətində mühüm addımdır”.