Ölkə başçısına təşəkkür: “Xalqla birgə olduğunuz üçün Sizinlə fəxr edirik”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Gəncə şəhərindən Gülnar Qaraxanova ölkə başçısına məktubunda bildirir:

 “Möhtərəm cənab Prezident, dünya miqyasında böyük itkilərə səbəb olmuş və qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. Sizin əvvəlcədən gördüyünüz qabaqlayıcı tədbirlər, bu barədə verdiyiniz göstərişlər icrasına vaxtında başlanılan qərarlar bu virusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı. Xalqımızın taleyini fikirləşmək, onun qayğısına qalmaq, bizi gözlənilən hər hansı təhlükədən xilas etmək həmişə diqqət mərkəzinizdə olmuşdur. Çünki Siz həmişə xalqı düşünən bir dövlət başçısı kimi bunu fəaliyyətinizlə nümayiş etdirmisiniz. Sizin Azərbaycan təhsilinə, səhiyyəsinə və digər sahələrə olan diqqət və qayğınız danılmazdır. Mən bir təhsil işçisi olaraq bu sahənin inkişafı üçün gördüyünüz işləri yüksək qiymətləndirir və Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqla birgə olduğunuz üçün Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük”.