Şəhid övladından Prezidentə: “Ölkəmizin, xalqımızın rifahı üçün dayanmadan çalışırsınız”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Bakının Nizami rayonundan şəhid övladı Arzu Bayramova Prezidentə yazır:

 “Möhtərəm cənab Prezident, Sizin kimi ölkə başçımız olduğu üçün qürur duyur və fəxr edirəm. Hər zaman ölkəmizin, xalqımızın rifahı üçün dayanmadan çalışırsınız. Bu gün güclü Azərbaycan Ulu Öndərimizin davam etdirdiyiniz siyasətinin nəticəsidir. Mən də bu ölkənin vətəndaşı olduğum üçün qürur duyuram. Bu minnətdarlıq məktubunu yazmağı bir şəhid övladı olaraq özümə borc bildim. Təəssüf ki, dünyada baş verən koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bütün dünya kimi, ölkəmiz də bu çətin dövrlə üzləşməli oldu. Cənab Prezident, Siz son zamanlar çıxışlarınızda daim vurğulayırsınız ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məncə, bu, Sizin uzaqgörən siyasətiniz sayəsindədir. Azərbaycanın bütün dünyanı cənginə almış pandemiyaya qarşı mübarizəsi bu gün bir çox ölkələrə nümunədir. Bu çətin zamandan Sizinlə birgə səbir və təmkinlə çıxacağımıza əminəm. Allah dünyamızı və ölkəmizi tezliklə bu bəşəri bəladan xilas etsin. Fürsətdən istifadə edib Sizi Respublika Günü və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və ölkəmizin, xalqımızın rifahı üçün gördüyünüz bütün işlərdə Sizə möhkəm cansağlığı arzulayıram”.