Ölkəmizdə koronavirusun ikinci dalğası ola bilər - Rəşad Mahmudov


“Azərbaycanda son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir”.  Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Millət vəkili bildirib ki, ölkəmizdə koronavirusun ikinci dalğası ola bilər və buna hazır olmalıyıq:

“Hökumətimiz, dövlət qurumlarımız və həkimlərimizin son dərəcə gərgin əməyi nəticəsində virusa yoluxma halları və onun miqyası maksimal dərəcədə azalıb. Bununla belə, vətəndaşlarımıza bir daha tövsiyəm budur ki, arxayınlaşmasınlar, sanitar-gigiyenik qaydalara ciddi riayət etsinlər, karantin rejimi çərçivəsində hərəkət etsinlər və yayılan şayiələrə də uymasınlar. Karantin rejiminin yavaş-yavaş yumşaldılması, məhdudiyyətlərin xeyli qisminin aradan qaldırılması hələ həyatımızın tam normal axara düşməsi demək deyil. Dünyada sanitar-epidemioloji vəziyyət və bu sahədə beynəlxalq ekspertlərin rəyini nəzərə alsaq, biz arxayın olmamalıyıq. Təhlükə tam aradan sovuşmayıb və bunu əhalimiz də düzgün dərk etməlidir”.