"Deyirdilər, yay aylarına doğru vəziyyət düzələcək, ancaq biz əksini görürük" - Həkim

"Avtobuslarda, küçədə tibbi maska taxan, sosial məsafəni gözləyən yoxdur"

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən qəbul etdiyi qərara əsasən, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır. 

 Son günlər ölkəmizdə koronavirusa yoluxma artan temp üzrə davam edir. Karantin rejiminin vaxtının uzadılması vəziyyəti düzəldə biləcəkmi?

 Bu barədə Sherg.az-a fikirlərini bildirən həkim- allerqoloq Şahvələd Məmmədovun sözlərinə görə, məsələ karantin rejiminin uzadılmasında deyil:

"Guya karantin qaydalarına əməl edən var ki? Hərə istədiyi kimi gəzir, dolaşır. Avtobuslarda, küçədə tibbi maska taxan, sosial məsafəni gözləyən yoxdur. Düzdür, metroda hamı tibbi maskadan istifadə edir. Çünki məcburiyyət var. Ümumiyyətlə, hər yerdə məcburiyyət olmalı, tibbi maska taxmayanlar cəzalanmalıdırlar. Gürcüstanda bu məsələylə çox ciddi yanaşılır. Orda artıq ictimai nəzarət formalaşıb. Ona görə yoluxma çox azdır".

Həkim, həmçinin bildirdi ki, yoluxma hallarının çoxalması əsassiz deyil:

"Bəli, deyirdilər, yay aylarına doğru vəziyyət düzələcək. Ancaq biz əksini görürük. Çünki müayinələrin sayı artır, daha çox adam test edilir. Nəticədə statistikada da artım olur. İkinci səbəb isə insanların məsuliyyətsizliyidir. Hələ ki, Azərbaycanda pandemiya idarə olunur. Amma baş infeksionist Cəlal İsayevin də dediyi kimi, bu,  idarəolunmaz pandemiya ilə əvəzlənsə, Avropa ölkələrindən geri qalmayacağıq. Ona görə də vətəndaşlar diqqətli olmalıdırlar".