Marketlərdə metodik göstərişlərə əməl olunmur, mübarizə gücləndirilməlidir


"Aparılan araşdırmalar nəticəsində əskər marketlərdə metodik göstərişlərə əməl olunmadığı aşkar olunub".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O, bildirib ki, həmin yerlərdə nəzarət xüsusi şəkildə həyata keçiriləcək: "Qaydaları pozanlar ciddi şəkildə cəzalandırılacaq".

Mövzu ilə bağlı "Sherg.az"a danışan qida təhlükəsizliyi eksperti Elsəvər Fərzəliyev səbəbi market sahiblərinin tamahkarlığında gördü:



"Bunun çox sadə açıqlaması var. Çünki market sahibləri ancaq öz mənfəətlərini düşünürlər. Məlumdur ki, təklif olunan məhsulların bütün metodik göstərişlərə cavab verməsi xərc tələb edir. Bu isə rəhbərliyə sərf etmir. Üstəlik, bir çox  marketlərdə müvafiq şöbələrə nəzarət edən mütəxəssis yoxdur. Çünki rəhbərlik onlara verəcəyi pulu özünə saxlayır və tək başına hər şeyin öhdəsindən gələ biləcəyini düşünür. Nəticədə isə belə neqativ hallar ortaya çıxır".

Ekspertin fikrincə, bu məsələdə səlahiyyəti orqanların üzərinə ciddi məsuliyyət düşür:

"Deməli, müvafiq qurumlar daha diqqətli olmalı, mübarizəni ciddiləşdirməlidirlər. Həmin marketlərin rəhbərliyi cərimələnməlidirlər. Özü də cərimənin miqdarı qazanılacaq mənfəətdən qat- qat çox olmalıdır. Bəlkə, belə cəzalar sayəsində market rəhbərləri qanuni fəaliyyət göstərərlər".