“Sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir”

“İndiki forum statusu onları qanundankənar qoyur”

“Qanunla tənzimlənsin ki, hər bir “online” media qurumu, hər bir bloger, hər bir şirkət onun paylaşımlarının altında yazılan şərhlərə görə məsuliyyət daşısın”



“ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi qərar Azərbaycana da təsir edəcək və analoji qərarın verilməsinə gətirib çıxaracaq”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. 
Deputat bildirib ki, birmənalı demək lazımdır ki, bu qərar daha çox vətəndaşların maraqlarının qorunmasına yüklənib: 

“Qanun vətəndaş maraqları baxımından nəzərdən keçirilir və bunu doğru sayıram. Vəzifəli şəxslər də digər istifadəçilər kimi sosial şəbəkələrin qurbanı kimi nəzərdən keçirilir və siyasi fürsətçillərə yer qoymur. Bizdə də sosial şəbəkələrlə bağlı qərar verilən zaman istifadəçilərin söz azadlığını da qətiyyən məhdudlaşdırmaq olmaz. Amma verilən qərar vəzifəli şəxslər də daxil istifadəçiləri qeyri-etik məzmundan qorumalıdır.

Qeyri-etik, arzuolunmaz məzmunla bağlı sosial şəbəkə şirkətləri məsuliyyət daşıyır və bizim qanunda bu öz əksini tapmalıdır. “YouTube” və “Facebook” sosial şəbəkələrində xüsusi olaraq rəhbərliyi təhqir etmək üçün səhifələr yaradılıb. Əgər dövlətin birinci və ikinci şəxsləri təhqirə məruz qalırlarsa, digər vəzifəli şəxslərdən və adi istifadəçilərdən danışmağa dəyməz. Bu məsuliyyəti birbaşa “Facebook”, “YouTube” və “Google”un rəhbərliyi Mark Zuckerberq, Sergey Brin, Larry Page və Sundar Piçay daşıyır”. 

Parlament üzvü vurğulayıb ki, Azərbaycan yeni qanunla tələb etməlidir ki, bu şirkətlər ölkə üzrə nümayəndə təyin etsinlər: 

“Bu nümayəndələr  arzuolunmaz məzmunu pozmaq, qadağan etmək səlahiyyətinə malik olsunlar. Yoxsa, biz günlərlə çalışıb şirkətdə hansısa mininci adama çıxıb filan səhifəni bağla və ya filan yazını pozun deyə bilmərik. Hesab edirəm ki, sosial şəbəkələrə qanunvericiliklə naşir statusu verilməlidir, indiki forum statusu onları qanundankənar qoyur.

Əlavə olaraq, qanunla tənzimlənsin ki, hər bir “online” media qurumu, hər bir bloger, hər bir şirkət onun paylaşımlarının altında yazılan şərhlərə görə məsuliyyət daşısın. Hər bir kəs qanunla məsuliyyət daşımalı və onun məsuliyyət dairəsi də qanunla aydın şəkildə göstərilməlidir. Lakin biz söz azadlığına toxunmadan bunun işlək mexanizmini də düşünməliyik. İşlək mexanizm olmasa, qanun qəbul olunsa belə idarə etmək mümkün olmayacaq”.