“Azərbaycan İrandan koronavirus test sistemlərinin əldə edilməsində maraqlıdır”

İran alimləri 55 dəqiqə ərzində insanlarda koronavirus infeksiyasının mövcudluğunu müəyyənləşdirə biləcək test dəsti hazırlayıblar.
IRNA xəbər verir ki, sistem İranın “Salamat-yar Beheşt Dayan” innovasiya şirkəti tərəfindən hazırlanıb.
Şirkətin direktoru Əmir Abbas Esmail-zadənin sözlərinə görə, hazırda Azərbaycan, Türkiyə, Rumıniya, İspaniya və Böyük Britaniya koronavirus diaqnozu üçün İran test dəstlərini əldə etməkdə maraqlıdır:

“Molekulyar dəst xəstədə koronavirusun ən qısa müddətdə aşkarlanmasına imkan verən xüsusi üsulla hazırlanıb”.

Onun sözlərinə görə, innovativ inkişaf təhlili sadələşdirilmiş şəraitdə aparmağa imkan verir və bunun üçün mürəkkəb avadanlıq tələb olunmur. Test sərbəst şəkildə burundan yaxma götürməklə tətbiq edilir.