Beynəlxalq videokonfrans keçirilib - Azərbaycan da təmsil olunub + Fotolar 



Dünən Özbəkistanda Əlişir Nəvai Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı, Özbəkistandakı HeydərƏliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən “Orta Asiyanın mədəni həyatı, humanitar elmlərin inkişafının aktual problemləri" adlı beynəlxalq videokonfrans keçirilmişdir. 

Videokonfransda dünyanın bir çox ölkələrini təmsil edən 100-dən çox alim, professor, tədqiqatçılar, nüfuzlu elm, tədqiqat mərkəzləri, xüsusi ilə Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutu, M. Auezov adına Cənubi Qazaxıstan Dövlət Universiteti, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu aktiv iştirak etmişlər. Konfransda Özbəkistan, Azərbaycan, Türkiyə, ABŞ, İtaliya, Rusiya, Qazaxıstan və Tacikistandan olan alimlər elmi məruzələrlə çıxış etmişlər. 

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru,professor Şuxrat Sirojiddinov videokonfransın açılışında giriş sözü ilə çıxış edərək konfransın keçirilməsinin əhəmiyyətindən, rəhbərlik etdiyi Universitetin Özbəkistanın, habelə regionun mədəni həyatında, habelə qonşu ölkələrlə əməkdaşlıq, dostluq, qarşılıqlı faydalı münasibətlərin qurulması və inkişafında rolundan danışıb. Mərkəzi Asiya və region dövlətləriilə etibarlı təmasların qurulmasının vacibliyini qeyd edib.O, nunəvi əməkdaşlıq modeli haqqında danışaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə həyata keçirilən layihələr barədə məlumat verib.  

Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov videokonfransda çıxış edərək konfransın mövzusunun aktual olduğunu, Azərbaycanın Mərkəzi Asiyaya açılan bir pəncərə olduğunu, alimlərimizin, maarifçilərimizin Mərkəzi Asiyanın mədəni və elmi həyatında həmişə aktiv rol oynadıqlarını, Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin daim regionla münasibətlərə xüsusi önəm verdiyini bildirib. Diplomat Mərkəzi Asiya regionu ilə Azərbaycanı birləşdirən çoxsaylı dəyərlərin olduğunu diqqətə çatdıraraq, soykök, dil, mədəniyyət yaxınlığı, regionun Tarixi İpək Yolunun üzərində yerləşməsi, xalqlarımız arasındakı tarixi dostluq və qohumluq əlaqələrini xüsusi qeyd edib. 



O, Azərbaycan Prezidenti İlham Əliyevin  təşəbbüsü ilə regionda çoxsaylı layihələrin reallaşdırıldığını, xüsusi ilə son zamanlar Özbəkistanın Türk Şurasına daxil olmasını əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib. Samir Abbasov Azərbaycanın dünya mədəniyyətinə dair çoxsaylı layihələrdə iştirak etdiyini, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışmış, habelə rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin Mərkəzi Asiya regionu ilə mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsində və çoxsaylı elmi, mədəni layihələrin həyata keçirilməsində rolu barədə məlumat verib



Konfransda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun direktor müavini Dariya Vladimirovna, Venesiya Universitetinin Asiya və Şimali Afrika Araşdırmaları Bölməsinin Türk və Monqolşünaslıq sahəsi üzrə bölüm müdiri, dosent Foscari Elizabeth Ragagnin, Auezov Universitetinin Türkoloji Elmi Tədqiqat Mərkəzinin direktoru, filologiya elmləri doktoru Nynlan Jakipovich Mynbaev, mədəni qarşılıqlı fəaliyyət proqramının yaradıcısı, Amerikalı alim Mark Reese, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnatova, Bişkekdəki Mərkəzi Asiya Amerika Universitetinin Təhsil Proqramının həmsədri Nik Uolmsli və başqa alimlər Mərkəzi Asiya regionunun mədəni həyatı, regionda sosial – humanitar elmlər sahəsində yeniliklər, aktual problemlərə dair məruzələrlə çıxış etmişlər.

Azərbaycanlı alim Almaz Ülvi Binnətova Konfransda "Əlişir Nəvainin “Məhbubul-qulub” əsəri: ümumtürk tarixinin əxlaq dərsliyi – siyasi estetikası" mövzusunda məruzə etmişdir.

Qeyd edək ki, aktual mövzuları və problemləri əhatə edən Beynəlxalq Videokonfransamaraq böyük olmuş, tədbir yerli mətbuatda geniş işıqlandırılmışdır.