"Bizi xilas edən sovet səhiyyəsinin peyvəndləri oldu" - MÜSAHİBƏ

Həmid Herisçi: "Dövlət öz işini görür, problem artıq xalqla bağlıdır"

Bəzilərində əminlik yarandı ki, bizim immun sistemimiz virusa dözümlüdür

Biz qayıtmalıyıq “Semaşko” səhiyyəsinə. Görəcəksiz, özəl klinikalara qarşı ciddi tədbirlər alınacaq. Bunu başa düşdülər ki, düşmən Çin deyil, Rusiya deyil. Düşmən virusdur...



Yeni növ koronavirusa yoluxma sayı artır, eyni zamanda karantin qaydaları yumşaldılır. Paradoks?.. Məntiqi izahı varmı bunun? Yazıçı-publisist, teleaparıcı Həmid Herisçinin gözü ilə baxmaq istədik mövcud duruma. Azad düşüncəli, sərbəstliyi sevən biri kimi tanınır, Həmid bəy. Bu baxımdan fikirləri maraqlıdır. Həm də azadpərvər biri üçün karantin qaydalarına riayət etmək çətin olmadı ki görəsən? Zəng edəndə dedi ki, marketdədir, alış-veriş edir, söhbətə “yarım saat sonra” vaxt təyin etdi. Yarım saat ötdü və telefonda artıq onunla danışırıq:   

-Marketdə vəziyyət necə idi?
-Nə barədə?
-Sosial məsafə gözlənilirdimi, maska taxanlar varıydımı?
-Varıydı. Hiss olunur ki, əhalinin bir qismi məsuliyyətini başa düşür, bir qisim isə hələ də səhlənkardı. 

-Məncə dövlət, müvafiq qurumlar hazırdı. Öz vəzifələrini yerinə yetirirlər.  Ancaq xalq barəsində bunu deyə bilmirəm. Səhiyyə təşkilatları, Operativ Qərargah, işçi qrupları səfərbər qüvvələrdir. Hətta teleaparıcılar da vəziyyətin ciddiliyini anlayır. Çünki biz dünyadakı vəziyyəti bilirik. Amma xalqın maarifləndirilməsi yüksək səviyyədə deyil. Təbliğat zəifdir. Camaatı başa salmaq lazımdır ki, bu virus necə qorxuludur, təhlükəlidir. Bunu anlamırlar. Məsələ burasındadır ki, bu virus mutagendir. Hər coğrafiyada, hər ərazidə başqa mahiyyət alır. Başqa məzmun daşıyır. Məncə, Güney Qafqazda bu virusun az yayılmasının, geniş, kütləvi hal almamasının səbəbi ilk növbədə mətbəxlə, qidalanma ilə bağlıdır. Azərbaycan mətbəxi başdan-ayağa təbii antioksidantdı. Həm də, SSRİ dönəmində biz damğalanmışıq axı. “PSJ” peyvəndi vurulardı o zaman yeni doğulan körpələrə, əhalinin geniş şəkildə peyvəndlənməsi aparılırdı. Sovet səhiyyəsinin bizə vurduğu peyvəndlər illər sonra əhəmiyyətini, lüzumunu göstərdi. Üstəgəl də bizim milli mətbəximiz köməyimizə çatdı. Keçmişdə də belə hallar olub. Neftçala tərəfdə Pirətavan ziyarətgahı var. Ocaqdı.  Mən onu çəkmişəm. Orda tutiyələr də vardı. Azərbaycanda tarixən müxtəlif xəstəliklərə qarşı məlhəm yaratmağı bacarıblar. 

-Yadımdadır, bir neçə il əvvəl ANS telekanalında silsilə reportajlarınız olurdu, pirlərdə, ziyarətgahlarda çəkilişlər aparırdınız... 

-Bəli. Həmin o Pirətavanda yoluxucu xəstəliklərə qarşı necə məlhəm düzəldiblər, xüsusən Neftçalanın yodlu torpağı nə qədər xəstəliklərə məlhəm olub. Orda torpaq minerallarla zəngindir. Bundan çox istifadə ediblər. Təbabətimizdə bunlar olub. Ümumiyyətlə, məncə Güney Qafqaz qitələrarası bufer zonadır. Neytral ərazi. Burda qarşıdurmalar da az olur. Sakit bölgə kimi tanınır. O cümlədən yoluxucu xəstəliklər də bu zonada fərqli dinamika göstərir. Havası sağlamdır. Qafqazın təbiəti ümumiyyətlə sağlamdır, möcüzədir...

-Deyirsiz, həm də PSJ peyvəndi hesabına Azərbaycanda yoluxma sayı az oldu. Keçmiş SSRİ, indiki MDB ölkələrində də vəziyyət bizdəki kimidi? 

-Bəli, bəli. Təkcə biz deyilik. Digər MDB ölkələrində də fərqli dinamika göstərdi. Hətta Baltikyanı respublikalarda, Şərqi Avropa ölkələrində də. Niyə Qərbdə çox oldu, mən sizə deyim də. İlk növbədə qidalanmaya görə. Yeknəsək, ziyanlı qidalanma. Fast-fud, unlu, şəkərli yeməklər. Pizzalar, ketçuplar... Qərbi Avropanın bəlası bundadı.

-Geni dəyişmiş məhsullar...

-Bəli, geni dəyişmiş meyvələr. Qidalardakı süni qatqılar. O qədər ziyanlı əlavələr ediblər ki. İranda Çindən gətirilən düyü, geni dəyişmiş cücələr. 

-Son illərdə bizdə də təhlükəli hal başlayıb. Bizim əhali də fast-fud qidalara meyillənir. Baxırsan kafelər, restoranlar camaatla doludur, “makdonalds”larda ancaq fast-fud, çipsi, makaron, üstündə ketçup sifariş edilir.

-Gənc nəsil buna meyillidir. “Moll”lardakı kafelərdə əyləşirdilər... “Moll”ar da bağlandı...

-Təkrar açıldı axı...

-...Bilmirəm, indi vəziyyət necədi... İndi daha çox evə sifariş edirlər, pizza, dönər... Deyim ki, mətbəxlərarası mübarizə gedir. Gənc nəsil köklənib “fast-fud”a, orta nəsil milli mətbəxə. Bunların arasında Çin səddi yaranıb. Mən qorxuram ki, bu, gələcəkdə çox pis nəticə versin. Siz təsəvvür edin, Bakının ağ şanısının yarpağından, bax bu vaxtlar, yarpaq dolması bişirirlər, yaxşı təbii Azərbaycan ətindən. Beyləqan əti, üstəgəl ağ şanının yarpağı... Təbii məlhəmdi də. Çox xəstəlikləri məhv edər də... Üstündən də göyərti,  pomidor, xiyar. Dünyada məşhurdu e Azərbaycan göyərtisi... Bizim immun sistemimiz belə təbii yeməklərlə möhkəmlənir. Dünyada ən sağlam statistika Qafqazdadı. Ümumdünya Səhiyyə Təşkilatı qoyur qabağına statistikanı, baxır, başlayır nəticələr çıxarmağa. Qafqazın iqlimi ilə başqa yerləri müqayisə etməyin. Qafqaz ən sağlam iqlim olan coğrafiyadı. Ən sağlam insan tumu burda saxlanılır. Dünya alimləri indi bunu araşdırır. Amma biz bunu itirə bilərik də. Həmin “fast-fud”larla. Maariflənmə qaydalarına əməl etməsək, ikinci, üçüncü dalğaya imkan versək, koronavirusla bağlı, müsbət nəticələri də itirə bilərik. Biz bunları onsuz da deyirik də hər verilişdə... 

-Bəli, deyirsiz. Amma Həmid bəy, sual doğuran budur; koronavirus təhlükəsi başlayanda xüsusi karantin rejimi tətbiq olundu. SMS icazə sistemi, metro bağlandı, iş yerləri və sair. Əyləncə yerlərinə qadağalar...Yoluxma sayı da az idi. Amma sonra karantin qaydaları getdikcə, mərhələli şəkildə yumşaldılmağa başladı və yoluxma statistikası da artmağa başladı. Bir halda ki yoluxma sayı artır, qaydalar niyə yumşaldılır?  

-Bilirsiz, bəzilərində əminlik yarandı ki, bizim immun sistemimiz virusa dözümlüdür. Yenə deyirəm, dövlət öz işini görür. Burda problem artıq xalqla bağlıdır. 

-Qaydaların yumşaldılmasını deyirəm. Niyə yumşaldıldı?

-Hadisələr göstərdi ki, səhiyyənin özəlləşdirilməsi, özünü doğrultmadı. Biz qayıtmalıyıq “Semaşko” səhiyyəsinə. Görəcəksiz, özəl klinikalara qarşı ciddi tədbirlər alınacaq. Bunu başa düşdülər ki, düşmən Çin deyil, Rusiya deyil. Düşmən mikrobdu. Təbiətdi. Hərbi xərclərdə də sağlamlıq sahəsinə daha çox vəsait ayrılacaq. NATO kimi hərbi birləşmənin səhiyyə sektoru var. İndi mikrobiologiyaya daha çox önəm verilir. Ola bilsin ki, çipləşdirmə prosesinə başlansın. Məsələn, heyvanlarla bağlı çipləşdirmə aparılır. İnsanlarla bağlı da çipləşdirmə aparıla bilər. Buna müsbət baxanlar da var, mənfi baxanlar da. ABŞ-da bunun təcrübəsi var. Mərkəzi Kəşfiyyat İdarəsi belə işlərlə məşğuldur. Kütləvi çipləşdirmə aparılsa, o dəqiqə bilinəcək bu adam sağlamdı, ya yox. Bunlar layihələrdir. Kağız üzərində asandı, həyata keçirmək çox çətindi... 

-Həmid bəy, mən sualı təkrar edirəm; Karantin qaydalarının yumşaldılması lazım idimi, labüd idimi? 

-Labüd idi. Çünki dövlət öz işini gördü. Qaldı, əhalinin qaydalara riayət etməsi. Amma kütlələr məsuliyyətsizlik edirlər. Müvafiq qurumlar xəbərdarlıq edir, həkimlər həyəcan içindədir. Xalq isə səhlənkardı. 

-Sizi azadlıq sevər insan kimi tanıyırıq. Sərbəstliyi sevirsiz. Çətin deyil ki, sizin üçün qaydalara riayət etmək?

-Onsuz da mən çoxdan təcrid şəraitində yaşayırdım. Əksinə, bu, mənim ənənəvi həyat tərzimə uyğundur. Uzun müddət tənha həyat tərəfdarı olmuşam.

-Tənha yaşamaq başqadı, sərbəstliyə məhdudiyyətlər qoyulması başqa.

-Mən düşüncələrimdə, fikirlərimdə sərbəstəm. Küçəyə çıxmaq, əyləncələr, təqdimatlar... belə şeylərdən uzaq olmuşam. Artıq bunların da sonu çatdı. Kütləvi tədbirlər, kitab təqdimatlarına çağırırdılar. İndi onlar da keçirilmir. İndi, görürsüz də, onlayn müşavirələr, onlayn dərslər... Yəni, nədən ki mən həmişə qaçmışam – görüşlər, mərasimlər - indi o qaydalar qüvvədədir. Bu göstərir ki, mən zəmanəni qabaqlamağı bacarıram.  İndiki bu vəziyyəti mən artıq 10-15 ildi yaşayıram. 

-Belə çıxır ki, özünüzü gələcəyə hazırlamısınız?
  
-Yox, bu, kortəbii olub. Bu mənim təbiətimdi. Təbiətim həyəcan siqnallarını əvvəlcədən çalır. İmmun sistemimizdə təhlükələri əvvəlcədən hiss etmək var. Bu mənim ənənəvi həyat tərzim olduğu üçün çətin deyil. Heç kimlə görüşmürəm, heç bir məclisə getmirəm, ictimai vəzifəmi yerinə yetirirəm.  

-Maskadan istifadə edirsiz? 

-Küçəyə çıxanda, marketə gedəndə, bəli. 

-Sizcə, bizim camaat niyə maskaya “çəpəki” baxır və həmçinin çəpəki taxır -  çənələrinin altına salırlar? 

-Göstərmək istəyirlər ki, “mən fərqliyəm”. Bu bizim xalqımızda var da: istəsəm taxaram, istəməsəm taxmaram.  Bu, çox təhlükəlidi. Dünyanın ən inkişaf etmiş ölkəsi Amerikanı görürsünüz də. Həyat göstərdi ki, onların bu inkişafı qara qəpiyə də dəymir, heç qara dollara da dəymir. Bizim sosialist keçmişimiz, sovet səhiyyəsi – Semaşko səhiyyəsi kütləvi xəstəliklərə hazırlıq, böyük xəstəxanalar, ucuz xidmət – bunlar özünü doğrultdu da... Özəl səhiyyənin sanki otel-mehmanxana sistemindən bir fərqi yoxdu. Bilmirsən, həkimdi, yoxsa biznesmendi. Məncə, Azərbaycan səhiyyəsi daha yaxşı nəticə göstərdi, nəinki Qərb səhiyyəsi. Çünki Qərb səhiyyəsi ancaq kommersiya səhiyyəsidir. Bu nəticə də hasil oldu ki, sovet səhiyyə sistemini dağıtmaq olmaz. Sovet səhiyyəsi örnək alınasıdı. Hadisələr göstərdi ki, örnək oldu da.