Qonur ayı "dərsini keçdi" getdi

Heyvanların yaşayış areallarını, qida tapmaq imkanlarını əlindən alıblar  

İndi də deyirlər ki, onlar niyə yaşayış məntəqələrinə gəlirlər. İstənilən insanı 3 gün ac saxlayın, sonra baxın nələr edir. Qabağına çıxan canlını parçalayıb çiy-çiy yeyər




Şəki şəhərinin mərkəzində görünmüş qonur ayı Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova KİV-ə açıqlamasında bildirib.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, qonur ayı Şəkinin mərkəzi küçəsində göründükdən sonra ayının insanlar üçün təhlükə yaratmaması, həmçinin qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə lazımi tədbirlər həyata keçirib. 

Bakıdan ezam olunan mütəxəssis heyəti Şəkiyə gəlib. Mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb. Mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub və preparat tam təsirini göstərdikdən sonra qonur ayı Altıağac Milli Parkına aparılıb. Ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova isə bildirib ki, bu, qeyri-adi bir hadisə deyil:

“Vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində zaman-zaman  müşahidə olunur. Qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir. Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin”.  
Vəhşi heyvanların yaşayış yerlərinə gəlməsi qida axtarmaları ilə bağlıdırmı?

Onların məkanını biz insanlar əllərindən alırıq, yeyəcək bir şey tapmadıqlarından qəsəbələrə enirlər. Məsələn, Türkiyədə bələdiyyələr vəhşi heyvanlar ac qalmasın deyə meşələrə qidalar qoyur. Bizdə vəziyyət necədir? Bizdə təbiətdəki canlılara qida təminatı var?

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, “Ekoloq Jurnalistlər” Birliyinin sədr müavini Elçin Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, vəhşi heyvanlar adətən yaşayış yerinə yemək tapmaqda çətinlik çəkdiklərinə görə gəlirlər: 

- ETSN-in mövqeyini müdafiə edirəm. Bu, doğru yanaşmadır. Bu problemi heyvanlar yox, insanlar yaradıb. Heyvanların yaşayış areallarını, qida tapmaq imkanlarını əlindən alıblar və indi də deyirlər ki, onlar niyə yaşayış məntəqələrinə gəlirlər. İstənilən insanı 3 gün ac saxlayın, sonra baxın nələr edir. Qabağına çıxan canlını parçalayıb çiy-çiy yeyər. Bununla bağlı milyonlarla faktlar var.

Bu, bioloji qanundur, təbiətin qaydalarıdır. Təbiəti məhv edəndə, ekologiyanı çökdürəndə, canlı aləmə divan tutanda belə də olmalıdır. İnsanlar nəhayət başa düşməlidirlər ki, bu planet təkcə onlar üçün yaradılmayıb, bütün canlı aləm üçün yaradılıb və hər bir canlının burada yaşamaq hüququ var.

Dünyamızın, planetimizin yeganə problemi insandır. Biomüxtəlifliyin məhv edilməsi, dünyamızı və bəşəriyyəti məhvə aparır - bu, birmənalı faktdır. Fikir verirsinizsə son vaxtlar quşlara da rast gəlmək olmur, meşələrdə hətta dovşan və ya dələ də görmək mümkün deyil. Çıxış yolu heyvanları harda gördün öldürmək deyil, onları qorumaq və yaşayışları üçün lazım olan sistemi məhv etməməkdir.

Bununla bağlı müvafiq dövlət orqanları ciddi tədbirlər görməlidir, əhalimiz isə bu sahədə əlindən gələni etməlidir. Biz nəhayət başa düşməliyik ki, bu planetdə insan təkbaşına yaşaya bilməz, heyvanların olmadığı dünyada insanlar məhvə məhkumdur. Əgər meşələri qırmaqla, heyvanları ovlamaqla, onları meşədə, çöldə qida tapmayacaq vəziyyətə gətirmişiksə və onların yaşayış məntəqələrinə gəlməsini istəmiriksə, onda zəhmət çəkib onları qida ilə təmin etməliyik. Bəli, müxtəlif ölkələrdə bu təcrübə var- Rusiyada, Amerikada, Kanadada, Avropa ölkələrində və s.

Bu ölkələrdə ayılar, marallar və s. heyvanlar hətta şəhərlərin küçələrində gəzir və heç kim də onlara toxunmur, əksinə, qida ilə təmin edirlər. Elə bu günlərdə internetdə Rusiyada çəkilmiş bir videoya baxdım - meşə yolunun kənarında ayılar, tülkülər, dələlər dayanır, o yoldan keçən az qala bütün maşınlardan adamlar onlara qida verirlər.

Demək insanlarda bu şüur var ki, əvvəlcədən özləri ilə müvafiq ərzaq məhsulları götürüblər. Onlar təbiəti sevir və heyvanları ölməyə qoymurlar. Biz də bu şüura yiyələnməliyik, əks halda ekoloji problemlər kəskinləşəcək.