Həkim deputata etiraz edir: “Maska razılıq məsələsi deyil, məcburiyyətdir”

“Məgər dünyada baş verənlər göz qabağında deyil? Şüurlu insan maska taxmağın zəruriliyini anlamalıdır”

“Bu, təkcə insanın özünü yox, həm də cəmiyyəti qoruyur”



Milli məclisin dünənki iclasında deputat Razi Nurullayev koronavirus pandemiyası ilə bağlı danışıb. O, insanların bu infeksiyaya inanmamalarının təsadüfi olmadığını deyib:

“Vətəndaşlar niyə maska taxmır? Məgər canlarından bezib? Xeyr. Çünki, onlar koronavirusa inanmır, bunun bir dünyəvi oyun olduğunu düşünür. Hər gün də bu hipotezanı gücləndirən yüzlərlə məqalə və video yayımlanır. Koronavirusun olmadığını söyləyən təbliğata qarşı isə Azərbaycan qarışıq bütün dünya elə sadəcə "var" deyir və statistika açıqlayır. Bir-iki dəfə xəstələrlə bağlı süjet göstərilib, o zaman da xəstələr yox, kosmonavta oxşayan repartyor və həkimlər adamı qorxudub. Bu necə yanaşmadır? Bütün dünya belə edir. Bu xəstələri çəkib göstərin, adlarını, yaşayış yerlərini deyin, özlərini danışdırın, statistikanı açıqlayanda rayonları, ünvanları, cinsini, yaş üzrə məlumatları deyin. Ancaq say açıqlanır, doğrusunu deyim ki, çox vətəndaş da inanmır”. 

  Parlamentarinin söylədikləri ilə bağlı “Sherg.az”a danışan həkim Şəmsiyyə Namazlının sözlərinə görə, tibbi maskadan istifadə etmək kiminsə razılığı ilə olmamalıdır:

“Bu, razılıq məsələsi deyil, məcburiyyətdir. Məgər dünyada baş verənlər göz qabağında deyil? Şüurlu insan maska taxmağın zəruriliyini anlamalıdır. Bu, təkcə insanın özünü yox, həm də cəmiyyəti qoruyur. Heç kim bilə bilməz ki, o, daşıyıcıdır ya yox. Çünki koronavirusun iki həftəlik gizli dövrü var. Elm indiyə qədər tibbi maskadan başqa qoruyucu vasitə tapmayıb. Ona görə də alternativ yoxdur. Cərimələrin tətbiq edilməsini də ədalətli hesab edirəm. Yoxsa, heç kim maska taxmaz”.

Həkim düşünür ki, bütün xəstələr, ölənlər haqqında dolğun informasiyaların verilməsi qeyri-mümkündür:
 “Dünyada hər gün milyonlarla insan koronavirusa yoluxur, vəfat edənlərin sayı minlərlədir. Məncə, statistikanı təqdim etmək kifayətdir. Hər adamın adını, soyadını verməyə efir saatı, qəzet səhifəsi çatmaz. İkinci bir tərəfdən isə həkim sirri məsələsi də var. Bunu unutmaq olmaz”. 
  Ş. Namazlı dəqiqliyi şübhə doğruran məlumatlardan da söz açdı:
“Heç kim deyə bilməz ki, yayılanlar həqiqətə uyğundur, ya yox. Bəlkə, həqiqətən də, belə təkliflər olur. Amma şəxsən mən eşitməmiş, görməmişəm. Ona görə də dezinformasiya amilini də istisna etmirəm. Virusla yanaşı, qeyri-dəqiq məlumatlardan da qorunmaq lazımdır”.