Banklara qoyulan əmanətlər 300 milyon manat azalıb - RƏSMİ


“Bu ilin əvvəlindən əhalinin banklara qoyulan əmanətləri 3,7 faiz - 300 milyon manat azalıb. Təbii ki, bu da gözləniləndir. Çünki pandemiya şəraitində əhali öz yığımlardan istifadə edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, may ayında banklara əmanətlərin qoyulmasında 0,3 faiz - 51 milyon manat artım müşahidə edilir.

“Bank sektorunda 9,7 milyard manatdan çox likvidlik var. Bank sektoru bu aktivlərin 29 faizini təşkil edir”, - deyə baş bankir əlavə edib. 

E.Rüstəmov vurğulayıb ki, 21 may tarixinə banklara 1,4 milyard manat məbləğində kreditlərin restrukturizasiyası üçün 57 minə yaxın müraciət edilib:

“Bunun 94 faizi biznes, üç faizi istehlak, üç faizi isə ipoteka kreditləri ilə bağlıdır”.