“Xalqımız da sosial şəbəkələrin ən mənfi təsirlərinə məruz qalır” - Politoloq

“Sosial şəbəkələr üzərindən Azərbaycan xalqını kütləvi itaətsizliyə, hətta terror aktları törətməyə çağırış edən paylaşımların şahidi oluruq”

“Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi ilə bağlı qlobal tendensiyanın başlanması bizim üçün də arzuolunandır”


“Trampın bu təşəbbüsü dünyanın əksər ölkələrində böyük rəğbətlə qarşılanıb. Çünki son dövrlər sosial şəbəkələrin fəaliyyəti ciddi qınaq obyektinə çevrilib”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 
Analitik bildirib ki, sosial şəbəkələrin tənzimlənməsi haqqında ABŞ prezidenti Donald Trampın imzaladığı fərmanın mahiyyəti ondan ibarətdir ki, artıq sosial media platformaları öz istifadəçilərinin paylaşdığı məlumatların məzmununa görə məsuliyyət daşıyacaqlar: 

“Daha sadə dildə və konkret nümunə ilə ifadə etsək, hər hansı bir “Tvitter” istifadəçisi təxribat xarakterli çirkli informasiyalar paylaşırsa, “Twitter” şirkəti buna görə məsuliyyət daşıyacaq. Hələlik sözügedən fərmandan irəli gələn texniki və hüquqi prosedur qaydaları haqda detallı məlumat yoxdur. Ümumi olaraq onu deyə bilərik ki, artıq sosial şəbəkələr özləri əvvəlcədən profilaktik tədbirlər görərək, ABŞ seqmentində dezinformasiya yayan hesabları bloklamalı olacaqlar. Əks halda, külli miqdarda cərimə, hətta bloklanma təhlükəsi ilə üzləşə bilərlər. Təsadüfi deyil ki, Tramp son müsahibəsində hüquqi imkanları olsa, ABŞ-da “Twitter”ə girişi bloklayacağını da ifadə etmişdi. Əslində elə məlum fərman da sosial şəbəkələrin fəaliyyətinə dövlət müdaxiləsinin təşkil olunması üçün hüquqi zəmin yaratmaq məqsədi daşıyır”.

C.Əhmədli bildirib ki, sosial şəbəkələr söyüş, qeyri-etik davranış, terrora, qarşıdurmaya çağırış platforması kimi istifadə olunur: 

“Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmalarının təşkili və xalqla iqtidarların toqquşması kimi pozucu fəaliyyətlər buradan idarə olunur. Belə demək mümkünsə, dünyada sosial şəbəkələrlə bağlı real vəziyyət Trampın fikirlərinin və qərarının tam əsaslı olduğunu göstərir. Bu baxımdan, hesab edirəm ki, ABŞ-dan sonra digər dünya dövlətləri də analoji qərarlar qəbul etməli və sosial media cinayətkarlıqlarına qarşı beynəlxalq mübarizə kampaniyası geniş vüsət almalıdır”.

C.Əhmədli vurğulayıb ki, artıq beynəlxalq və ölkələr səviyyəsində bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul etməyin tam zamanıdır: 

“Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqı və dövləti də vaxtaşırı olaraq sosial şəbəkələrin ən mənfi təsirlərinə məruz qalır. Sosial şəbəkələr üzərindən Azərbaycan xalqını kütləvi itaətsizliyə, hətta terror aktları törətməyə çağırış edən paylaşımların şahidi oluruq. Ən pisi də odur ki, həmin çağırışları edən profil və səhifələr heç bir məhdudiyyət tədbirlərinə məruz qalmadan indi də rahatca fəaliyyət göstərirlər. Bu baxımdan, sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi ilə bağlı qlobal tendensiyanın başlanması bizim üçün də arzuolunandır”.