Vüqar Rəhimzadə: COVID-19-la mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir


«Dünyanı bürüyən, artıq birinci mərhələsi başa çatan, hətta bəzi ölkələrdə ikinci dalğası müşahidə olunan,  sosial və iqtisadi fəsadları  getdikcə dərinləşən koronavirus pandemiyası hər bir ölkə üçün sınaq oldu. Təbii ki, hər bir dövlət  bu sınaqdan az itki ilə çıxmaq üçün  malik olduğu imkanlara, təcrübəyə uygun addımlar atır. Reallıq budur ki, əksər  dünya ölkələrində koronavirus pandemiyasının istər insanların sağlamlığına, istərsə də iqtisadiyyata vurduğu  zərbələr ölçüyəgəlməz dərəcədə böyükdür.  Gündən-günə yoluxma  və ölüm hallarının artması bir siqnal, çağırışdır. Epidemiya başlayan gündən etibarən hər zaman olduğu kimi, Azərbaycan yenə də öz təkmil təcrübəsi ilə dünyanın diqqətində oldu. Ölkə daxilində, eyni zamanda,  beynəlxalq  səviyyədə həyata keçirilən tədbirlər  Azərbaycan  dövlətinin   məsələyə  dərhal  adekvat reaksiya verdiyini və bundan  uğurla çıxmaq üçün  təkmil yollar axtardığını ortaya qoydu.»  

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  istənilən məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır: «Azərbaycanın ilk gündən atdığı addımların təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərinin görülən işləri yüksək dəyərləndirmələri səbəbsiz deyil. «Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır» söyləyən dövlətimizin başçısı İlham Əliyev vurğulayır ki, ilk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması əsas idi. Vətəndaşlardan  daha məsuliyyətli olmaq tələb edilirdi.  Dünya miqyasında müqayisə apardıqda  Azərbaycanda vəziyyətin daha yaxşı olduğu diqqətdən kənarda qalmır. Məhz bunun nəticəsidir ki, ölkəmiz birinci mərhələni az itki ilə başa vurdu.  Amma bu, o demək deyil ki, pandemiya sona çatıb. Onun ikinci dalğasının baş verməsi qaçılmazdır. Bunun üçün qabaqlayıcı tədbirlərin davam etdirilməsi bu günümüzün əsas tələbləri sırasındandır.

«Ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çağırışlarında vətəndaş məsuliyyəti əsas yer tutur. Mehriban xanım Əliyeva  koronavirus infeksiyası ilə bağlı xalqımıza dəfələrlə etdiyi  müraciətində  bildirir ki, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi: «Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk.» Bu inam da  ifadə olunur  ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və  məhəbbət sayəsində  biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.» Baş redaktor bildirib ki, ölkəmizdə koronavirus pandemiyasına yoluxanların   müalicəsinin lazımi səviyyədə təşkili görülən qabaqlayıcı tədbirlərlə yanaşı, Azərbaycanın səhiyyə sisteminin təkmilliyinə də aydınlıq gətirir: «20 xəstəxana koronavirus xəstələrinin ixtiyarına verilib ki, onlar ən müasir avadanlıqlarla təchiz edilib. Pandemiya dövründə Bakıda  575 çarpayılıq «Yeni klinika» tibb müəssisəsi, digər  3 şəhərdə  ümumi çarpayı sayı 500-dən artıq olan yeni xəstəxanalar istifadəyə verilib.  Qısa müddətdə  6-sı dövlət, 4-ü özəl  sahibkarlar tərəfindən tikilməkdə  olan, hər biri 200 çarpayılıq 10  müasir modul tipli xəstəxananın  istifadəyə verilməsi nəzərdə tutulub. Artıq onlardan biri istifadəyə verilib. Koronavirusla  Mübarizəyə Dəstək Fonduna  110 milyon manatdan çox ianə toplanıb ki, bu da  xəstələrin müalicəsi üçün zəruri olan bütün imkanların yaradılmasına yönəldilib. Dövlətimizin başçısı İlham Əliyev bu mübarizədə   əsas məsuliyyətin həkimlərin üzərinə düşdüyünü xüsusi vurğulayır. Sağlamlığımızın keşiyində dayanan həkimlərimizin əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir və alqışlanır. «Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə  münasibət öz aydın ifadəsini tapıb.»

«Qeyd etdiyimiz kimi, dövlətimizin vətəndaşlarını  koronavirus pandemiyasından  etibarlı müdafiəsini təşkil etmək istiqamətində  atdığı addımlar dövlət-vətəndaş birliyinin vacibliyini təsdiqləyir.  Bu çağırışlar günümüzün əsas tələbinə çevrilib: Özümüzü qoruyaq, böyüklərimizə sahib çıxaq, əzizlərimizə dəstək olaq. Bu dəstək üçün təbii ki, ehtiyac olmadığı təqdirdə  evdə qalmağımız, səbəbsiz yerə küçəyə çıxmamağımız tələb olunur. Bu halda  özümüzlə yanaşı, doğmalarımızı, ətrafımızdakı insanları virusa  yoluxmadan qoruyar, onların  sağlamlığına vətəndaş kimi dəstək olarıq» söyləyən baş redaktor vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin qaydalarını sərtləşdirməsi, yaxud yumşaltması da vətəndaşların sağlamlığının təminatında, eyni zamanda, onların  əvvəlki həyata qayıtmalarında  əhəmiyyətli rol oynayır. Karantin qaydalarının zaman-zaman yumşaldılması müəyyən dövr üçün statistik rəqəmlərə əsaslanır: «Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 24 martdan elan edilən  karantin qaydalarında  yaşı 65-dən çox olan şəxslərin evdə qalması məsləhəti  böyüklərimizə olan diqqətin bariz nümunəsi kimi dəyərləndirildi.  Hətta dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində  yaşı 65-dən yuxarı olan 176 məhkum  azadlığa buraxıldı. Həmçinin yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər  Kabineti yanında Operativ  Qərargahın  tövsiyə və tələblərinə ciddi riayət etməyə çağıraraq bildirir ki,  böyüklərinizi qoruyun. Virusa yoluxmuş insanların mütləq  əksəriyyətində xəstəlik yüngül formada  keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəlikdən  əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Onu da qeyd edək ki,  karantin qaydalarının yumşaldılmasında yer alan mühüm məqamlardan biri də  yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün qadağalar  may ayının 18-dən götürüldü. Amma bununla yanaşı, belə bir çağırış edildi ki, ehtiyac duyulduğu təqdirdə  evdən  çıxmaq gərəkdir.»

V.Rəhimzadə   bu məqamı təəssüf hissi ilə vurğulayıb ki,  karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb: «Əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaqda çətinliklər yaranıb. Təbii ki, buna səbəb insanlarda arxayınlıq hissinin yaranması, pandemiyanın ümumiyyətlə, yoxa çıxması barədə təəssüratların formalaşmasıdır.   Bugünkü gündə maarifləndirmə işlərinin daha da genişləndirilməsinə böyük ehtiyac vardır. Prezident İlham Əliyev bildirir: «Bəziləri hesab edir ki, bəli, virus daha yoxdur, bütün dünya böhran içindədir, Azərbaycan isə sanki dənizdə bir adadır, burada hər şey yaxşıdır və yaxşı olacaq. Əlbəttə, bir çox ölkələrə nisbətən yaxşıdır, ancaq buna mütləq formada yaxşı demək olmaz.» Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.»

«Bu gün hər kəs  maarifləndirmə işinin fəal iştirakçısı olmalıdır» söyləyən V.Rəhimzədə qeyd edib ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə çağırmalıdır: «Nəzərə alaq ki, ölkəmiz  pandemiya dövründə  digər tədbirlərlə yanaşı, tibbi maska çatışmazlığının yaşanmaması üçün iki  müəssisənin istifadəyə verilməsinə  nail oldu. Müsbət nəticələrin davamlılığını təmin etmək üçün maarifləndirmə işləri daha geniş vüsət almalıdır.  Koronavirus  infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, həmçinin bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.»

V.Rəhimzadə qeyd edib ki, sosial məsuliyyətin artırılması, ictimai nəzərətin gücləndirilməsi  bütün cəza tədbirlərinin ən önəmlisidir: «Hər kəs özünə və doğmalarına, ətrafındakı insanlara  diqqət, qayğısını nizam-intizam qaydalarına riayət etməklə nümayiş etdirə bilər. Sosial məsafənin qorunması,  tibbi maskalardan istifadə edilməsi, gigiyena qaydalarına əməl olunması bu dəstəyimizin ən yüksək ifadəsi olar. Artıq ölkəmizdə də  epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.  Bu cərimələr sosial məsuliyyət hissinin artırılmasına necə  təsir göstərəcək, bunu növbəti dəfə açıqlanacaq statistik rəqəmlər göstərəcək. Reallıq budur ki, Azərbaycan pandemiya təcrübəsi ilə dünyaya nümunədir.  Dünyaya birlik, həmrəylik çağırışını edən və bunu əməldə təsdiqləyən Azərbaycan daxildəki birliyimiz ilə də nümunədir. «Biz birlikdə güclüyük!»