Prezidentə təşəkkür: “Xalqımız Sizi çox sevir, Sizin xarici və daxili siyasətinizə çox güvənir”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Sumqayıt şəhərindən şagird Nərmin Hümbətli Prezidentə yazır: 
“Möhtərəm cənab Prezident, mən 8-ci sinif şagirdiyəm. Məktəbimiz Azərbaycanın öndə gedən təhsil ocaqlarındandır və bunda Sizin rolunuz böyükdür. İndiki vəziyyətlə əlaqədar dərslərimizə evdən - “Dərs vaxtı” layihəsindən, onlayn dərslərdən və “Virtual məktəb” proqramından davam edirik. Buna görə də cənab Prezidentimiz, Sizə çox təşəkkür edirik. Dünyanı sarsan COVID-19 pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması üçün gördüyünüz mühüm işlər göz önündədir. Qısa müddət ərzində modul tipli xəstəxanaların tikilməsi, tibbi maska və geyim istehsalı müəssisəsinin istifadəyə verilməsi və bir sıra başqa tədbirlər Sizin xalqa olan sevginizin və uzaqgörən siyasətinizin nəticəsidir ki, dünyada geniş yayılan bu xəstəliyin ölkəmizdə də bu cür sürətlə yayılmasının qarşısına böyük sədd çəkdi. Mən də məktəbli və bir həkim qızı olaraq Sizin sərəncamlarınız, tapşırıqlarınız və çağırışlarınıza diqqətlə qulaq asır və onları layiqincə yerinə yetirməyə çalışıram. Ümid edirəm ki, bu pandemiya tezliklə başa çatar və bütün çətinliklərdən olduğu kimi, bu çətinliyin də öhdəsindən gələrik. Xalqımız Sizi çox sevir, Sizin xarici və daxili siyasətinizə çox güvənir. Hər çətin günümüzdə Azərbaycan xalqının yanında olduğunuz üçün Sizə təşəkkür edir, işlərinizdə uğurlar, sağlam və işıqlı həyat yolu arzulayıram”.