ETİRAZ ! - “Düşüncə sərbəstliyi anarxiyaya xidmət etməməlidir” - Təhqir, söyüş adiləşir !

“Real həyatda olduğu kimi internet resurslarında da etik normaların pozulmasına görə, cəza və cərimələrin tətbiqini təklif edə bilərik”

“Milli sərvətlərə qarşı hansısa qarayaxmalar, aşağılayıcı şərhlər yazılırsa, həmin şəxslər buna cavabdeh olmalıdırlar”




Son zamanlar ölkəmizin görkəmli simalarına qarşı müxtəlif qarayaxma kampaniyaları həyata keçirilir. Məqsəd istər vətən üçün canını verən qəhrəmanlarımızı, istərsə də Azərbaycanı bütün dünyada təmsil edən tanınmış şəxsiyyətlərimizi mənfi obrazda qələmə verib, gözdən salmaqdır. 
Təəssüf ki, bu çirkin əmələ yol verənlər elə öz içimizdəkilərdir. Əvvəlcə milli qəhrəmanımız Mübariz İbrahimovun şəxsiyyətinə, mərdliyinə yaraşmayan ifadələr səsləndirildi. Son günlər isə general-polkovnik Ramil Səfərov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti  Firdovsi Umudova qarşı çirkin kampaniya aparılır.

Düzdür, aranı qatıb çirkin əməllə məşğul olanlar nə qədər istəsələr də arzularına çata bilməyəcəklər. Çünki xalqımız görkəmli şəxsiyyətlərini yaxşı tanıyır. Amma təəssüf ki, başqa adla saxta profil açıb, milli dəyərlərimizə xəyanət edənlər də var.




Mövzu ətrafında fikirlərini “Sherg.az”la bölüşən kulturoloq Aydın Xan Əbilov bildirib ki, müstəqillik dövründən sonra Azərbaycanda fikir və söz azadlığı ən ali insan haqlarının forması kimi qəbul edildi. Amma insanlarımız unutdu ki, düşüncə və söz sərbəstliyi heç də anarxiyaya xidmət etməməlidir.

Ekspert bildirib ki, əksinə intellektual və mədəni səviyyənin yüksəldilməsi, sivil insan olaraq söz azadlığından sui-istifadəni qadağan edir:

“Hər bir həqiqətin özü belə dilə gətirilməməlidir. Çünki bir neçə nəfərin gözündə həqiqət görünən hər hansı bir subyektiv fikir, digərləri üçün həqiqət olmaya bilər. Son vaxtlar sosial mediada və internetdə azadlıqlar, fikir bildirmək və paylaşımlar etmək azadlığı bizdə məhz anarxiyaya xidmət edən sərbəstlik kimi qəbul edilir. Səviyyəsi aşağı olan, ağlına gələni internetə yazıb insanların fikrini azdıran şəxslər çoxalıb. Sosial şəbəkələrdə Azərbaycanın tanınmış simalarına, tarixi şəxsiyyətlərinə qarşı söz azadlığından sui-istifadə edənlərin bilərəkdən ya da bilməyərəkdən müxtəlif şayiələr yayması ona gətirib çıxarır ki, virtual aləmdə internet istifadəçiləri arasında çaşqınlıq yaranıb. Hətta cəmiyyətin özündə belə müxətlif fikirlər səslənir ki, bəlkə, internet və sosial şəbəkənin tənzimlənməsi ilə bağlı qanunvericilikdə dəyişiklik olsun. Son vaxtlar qanunvericilikdə internet etikası ilə bağlı, sosial şəbəkələrdə qanunsuz paylaşımlar, təhqir və şərəfi alçaldan fikirlər bildirən şəxslərə qarşı cinayət məcəlləsində müəyyən cəza növlərini tələb edən fikirlər səslənir”.

Kulturoloq qeyd edib ki, son vaxtlar ABŞ-da sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı olan qanunvericilik onu göstərir ki, Azərbaycanda deyil bütün dünyada bir nömrəli problem budur:

“Həm pandemiyanın təsirindən, həm də hər kəsin əlində olan virtual dünyaya qoşulmağı asanlaşdıran texnologiyalar ona gətirib çıxarır ki, virtual həyatımızda cinayət halı kimi dəyərləndirilən belə hallar çoxalır. İntellektual və ziyalı olaraq qəti şəkildə bu olanları pisləyirik. Azərbaycan seqmentində bu problemlər hər zaman olub. Hətta Ermənistanla müəyyən internet resurslarında intellektual və informasiya savaşına çıxmışdıq. Bu savaşda bizimkilərin ən çox istifadə etdiyi məhz söyüşlər idi.

Amma indi yeni nəsil bundan imtina edir. Çünki görürdük ki, əks tərəf daha çox intellektual faktlarla, kitablarla, yalandan da olsa özlərindən quraşdırılmış nağıllarla bizi susdurmağa çalışırdılar. Ölkəmizdəki bu hadisələr onu göstərir ki, real həyatda olduğu kimi internet resurslarında da etik normaların pozulmasına görə, cəza və cərimələrin tətbiqini təklif edə bilərik. Amma bununla yanaşı maariflənmə də aparmalıyıq. Xüsusilə də gənclərimiz, intellektual səviyyəsi aşağı olan, təhsili olmayan şəxslər bilməlidirlər ki, qırmızı işqıda keçən zaman cəzalanırlarsa, internetdə də müəyyən sərhədləri keçəndə mütləq cəzalanacaqlar.

Bəlkə o zaman belə səhvlər edilməz. Görkəmli simalar dövlətin milli sərvəti sayılır. Milli sərvətə qarşı hansısa qarayaxmalar, aşağılayıcı şərhlər yazılırsa, həmin şəxslər buna cavabdeh olmalıdırlar. Məşhur kəlamı var: “Mənim sərbəstliyim və azadlığımın sərhədi başqalarının sərbəstliyi və azadlığı qədərdir. Mən həmin sərhəddən o tərəfə keçə bilmərəm”. Yəni bu gün kimsə fərqi yoxdur tanınmış sima ya adi adamları təqdir edirsə, sabah özümüz və yaxınlarımız da təhqir olunacaq. Çünki təhqir adiləşdikcə hər kəs ondan istifadə edə bilər”.