“Məmur ana dilində danışa bilmirsə, məsuliyyət daşımalıdır”- Cəza istənilir !

“Ulu Öndər neçə dəfə məmurları ayağa qaldırıb deyib ki, ana dilini yaxşı bilməsəz, vəzifənizi tərk etməlisiz”

“Dövlət səviyyəsində belə məsələlərə diqqət verilməlidir”



Azərbaycanda bəzi vəzifəli şəxslər ana dilinin mahiyyətini tam dərk etmək gücündə deyil. Ya da özlərinin “ənənəvi” danışıq üslublarından imtina etmək istəmirlər. Son zamanlar danışıq üslubu ilə qıcıq yaradan bəzi məmurlar var. Yüksək postları tutan bu şəxslər ana dili qaydalarını elə kobud şəkildə pozurlar ki... Hətta mətbuat nümayəndələri belə onları anlamaqda çətinlik çəkir.

Uzun illərdir yüksək vəzifələrdə çalışan bu məmurlar niyə ana dilində pis danışsınlar?

Filologiya elmləri doktoru, professor Möhsün Nağısoy “Sherg.az”a açıqlamasında bildirib ki, dil xalqın varlığı, xalqın kimliyidir:

“Ulu Öndərimizin sözü ilə desək, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.  Dil birbaşa xalqın milliliyi, vətənpərvərliyi ilə bağlıdır. Ulu Öndərin bir sözü var: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun ana dilidir”. Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, “dilimiz o qədər zəngindir ki, əcnəbi kəlmələrə ehtiyac yoxdur”. Azərbaycan Respublikasının dövlət dili haqqında qanun var. Qanunda xüsusi bir maddə əks olunub ki, hər bir vətəndaş ana dilini bilməlidir və buna görə məsuliyyət daşıyır. Hər hansı bir məmur ana dilində gözəl danışa bilmirsə, deməli o məsuliyyət daşımalıdır”.

Professorun sözlərinə görə, KİV-lərdə, reklam daşıyıcılarında, internet səhifələrində dil pozuntularına qarşı cəzalar tətbiq olunmalıdır:

“Ulu Öndər neçə dəfə məmurları ayağa qaldırıb deyib ki, ana dilini yaxşı bilməsəz, vəzifənizi tərk etməlisiz. Hər bir kəs bilməlidir ki, dil xalqın milli sərvətidir. Sərvəti də göz bəbəyi kimi qorumaq lazımdır. Dil dövlət atributlarından biridir. Necə ki, bayrağa, gerbimizə hörmət və diqqətlə yanaşırıq, dilimizə də elə yanaşmaq lazımdır. Dövlət səviyyəsində belə məsələlərə diqqət verilməlidir”.