REAKSİYA: “Gürcüstan DTX-sı şeytanın iki millət arasına girməyinə icazə verməməlidir”

“Əks halda hər iki ölkənin dövlətçiliyi təhdid altında olacaq”


Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında qarşıdurmanı alovlandırmağa cəhd edən bir neçə qrup və bir sıra vətəndaşlar var. Həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər.


Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd deyilir ki, həmin insanlar milli zəmində münaqişə yaratmaq məqsədilə Kvemo Kartli və Kaxeti bölgələrində dövlət və hökumətin səlahiyyətlərinə aid olan məsələlərlə məşğul olurlar.

Bildirilir ki, bu istiqamətdə yalan və aqressiv çağırışlar yaymaqla bir qrup şəxs etnik gürcü və azərbaycanlı vətəndaşlar arasında gərginlik yaratmağa çalışır, milli şərəf və ləyaqətə xələl gətirən ifadələr və hərəkətlərə yol verirlər. Bununla da insan hüquqlarının kobud şəkildə pozulması baş verir. Bir qrup insan vəziyyəti açıq şəkildə elə təqdim etməyə çalışır ki, guya etnik gürcü əhali Gürcüstandakı digər etnik azlıqlardan üstündür. Bu da milli qarşıdurma riskini daha da artırır.

DTX-nin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması maddələri üzrə istintaqa başlayıb.

“Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli “Sherg.az”a açıqlamasında baş berən olaylara münasibət bildirdi: 

“Ehtiyatsızlığa yol verəndə belə olur. Bütün bunlar keşişin günün günorta çağı etnik kimlik məsələsini müzakirə etməyinin , siyasi qüvvələrin soydaşlarımızın varlığına şübhə ilə yanaşmasının, tarixi türk torpaqlarının gürcüləşdirilməsinin nəticəsidir. Amma mabarizə aparılmalıdır. Gürcüstan DTK-sı şeytanın iki millət arasına girməyinə icazə verməməlidir. Əks halda hər iki ölkənin dövlətçiliyi təhdid altında olacaq”. 
Z. Məmmədli Nəriman Nərimanov haqqında da danışıb: “Onun yaradıcılğı, ədəbi fəaliyyəti ilə bağlı heç kim heç nə deyə bilməz. Lakin şəxsən mən Nərimanovun bolşevikləri təbliğ etməsini düzgün hesab etmirəm”.