Deputat məmurları örüş yerlərini zəbt etməkdə ittiham etdi

“Təmsil etdiyim İmişli rayonunda örüş yerləri problemi var. Dünən İmişlinin Hacalmuradlı kəndində çəkilmiş bir videoya baxdım. Həmin video məsələnin nə qədər acınacaqlı olduğunu göstərir”. 

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib. 

O bildirib ki, həmin videoda döyülənlər, söyülənlər, digər tərəfdə isə pis vəziyyətdə qalan polis zabitləri və vətəndaşlar görünür. 

“Örüş sahəsi olmasa, kəndli necə yaşaya bilər? Kəndli inəyini, qoyununu, keçisini harada saxlasın? İmişlidə kəndlilərin yaxşı bir sözü var. Deyirlər ki, inəyimizi ayağımıza bağlayıb saxlayaq?”, - deyə R.Nurullayev əlavə edib. 

Onun sözlərinə görə, İmişli böyük torpaq sahələri olan rayon olsa da, əhali heyvan saxlamaq üçün örüş yeri tapmır.  

“Bəs kəndlilər nə ilə dolansın? Adına 10-15 sot torpaq, yaxud köhnə bir maşını var, yardım ala bilməz. Kəndli heyvan saxlamaq istəyir ki, dolanışığı olsun, örüş sahəsi isə yoxdur. Niyə yoxdur? Adam var ki, adına beş min, bəzilərinin isə 100, 200, 300, 500, 1000, 2000 hektar torpaq sahəsi var. Elə icarədarlar var ki, onlar həqiqətən də əkin-biçinlə məşğuldurlar. Amma elə sahələr var ki, sadəcə çəpərlənib, nə istifadə edilir, nə də əkilib-becərilir. Özünün beş-on heyvanını saxlayır. Böyük və istifadəsiz torpaq sahələri kimə məxsusdur? Əksəriyyəti Bakıdakı məmurlara, rayonda vəzifə tutanlara”. 

Millət vəkili problemdən çıxış yolu da göstərib. 

O qeyd edib ki, torpaq sahiblərinin və icarədarlarının qeyri-qanuni, rüşvət və vəzifə səlahiyyətlərindən istifadə edib sahib olduqları torpaqların heç olmasa 30-40 faizindən könüllü şəkildə imtina edilməli və həmin ərazilər xalqa qaytarılmalıdır. 

“İmişlinin yeni icra başçısı cənab Elçin Rzayev, yaxud digər rayonlara təyin edilən yeni rəhbər şəxslər təkbaşına işləyə bilməzlər. Onlar Prezidentin tapşırıqlarını yerinə yetirməkdə böyük çətinliklə üzləşəcəklər. Biz torpaqlarla bağlı qanunvericiliyə dəyişiklik etməklə, onlara da kömək etmiş olarıq”.