“Qaydalara əməl etmək cəmiyyəti qorumaq deməkdir”

“Vətəndaşlarımızdan bir daha xahiş edirəm ki, Operativ Qərargahın tövsiyələrinə riayət etsinlər”


“Deputat həmkarlarımızla birlikdə şəhərdəki ticarət mərkəzlərində və insanların kütləvi şəkildə istirahət etdiyi gəzinti yerlərində müşahidə aparırdıq”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 
Parlament üzvü əhalinin yüzdə doxsanının tibbi maska olmadan və sosial məsafə gözlənilmədən hərəkət etdiyini söyləyib: 

“Bunu tam ciddi olaraq, hər hansı mübaliğəyə yol vermədən bildirirəm. Elə bil, bu ölkədə koronovirus pandemiyası yaşanmayıb. Karantin rejimi tətbiq olunmayıb. Belə qeyri-ciddi münasibət, səhlənkarlıq ağır nəticələrə gətirib çıxara bilər. Artıq əvvəllər müşahidə olunmayan rayonlarda belə koronovirusa yoluxma halları çoxalıb. Karantin qaydalarının pozulmasına görə cərimələrin artırılması ilə bağlı inzibati xətalar məcəlləsinə dəyişiklik edilib. Ölkə başçısı imzalayandan sonra qanun qüvvəyə minəcək. Hesab edirəm ki, ondan sonra insanların davranışlarında müsbətə doğru xeyli dəyişiklik olacaq. Çünki, cərimə məbləğləri kifayət qədər yüksəkdir. Təkrar pozuntulara görə isə, həm fiziki, həm də hüquqi şəxslər iki qat cərimə ödəməli olacaqlar”. 

N.Məhəməliyevə görə, karantin rejimi əsasən ləğv olunduqdan sonra, əhalini nizam-intizama dəvət etməyin yeganə yolu budur: 

“Əks halda, pandemiyanın qarşısını almaq mümkün olmaz və olduqca ciddi problemlərlə rastlaşa bilərik. Vətəndaşlarımızdan bir daha xahiş edirəm ki, bu məsələyə barmaqarası baxmasınlar. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tövsiyələrinə riayət etsinlər. Qaydalara əməl etmək özünü, doğmalarını və bütövlükdə cəmiyyəti qorumaq deməkdir”.