“Pandemiya ilə mübarizənin ikinci mərhələsinə qədəm qoyulub” 

“Görülən tədbirlər pandemiyanın həm sahibkarlara, həm muzdlu vətəndaşlarımıza, eyni zamanda işləməyən vətəndaşlarımıza təsirlərinin azaldılmasına xidmət edir"



“Pandemiyanın Azərbaycan vətəndaşlarına təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən siyasət birbaşa dövlət başçısının nəzarətindədir”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib. 
Deputat bildirib ki, artıq həm Azərbaycanda, həm də əksər inkişaf etmiş ölkələrdə pandemiya ilə açıq mübarizə tədbirlərinin ikinci mərhələsinə qədəm qoyulub: 

“Görülən tədbirlər pandemiyanın həm sahibkarlara, həm muzdlu vətəndaşlarımıza, eyni zamanda işləməyən vətəndaşlarımıza təsirlərinin azaldılmasına xidmət edir. Nəzərə alsaq ki, ölkə Prezidentinin tapşırığına əsasən, 3 paket hazırlandı və hazırda icra olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının da qiymətləndirməsinə görə pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələrdən biri olduq. Bu da təbii ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi olaraq qiymətləndirilməlidir. İkinci mərhələdə iqtisadiyyatın mərhələli şəkildə açılması, eyni zamanda, pandemiyaya qarşı mübarizədə vətəndaşarın qaydalara əməl etməsi zəruridir”.

Parlament üzvü bəyan edib ki, iqtisadiyyatın yenidən açılması və karantin qaydalarının yumşaldılmasından sonra bəzi vətəndaşlarımız tərəfindən qaydalara əməl edilməməsi bir növ arxayınlığın yaranması il müşahidə olunur: 

“Bu cür yanaşma koronavirusa yoluxanların sayına birbaşa təsir göstərir. İndiki mərhələdə hər bir vətəndaşımızın qaydalara riayət etməsinə, pandemiyadan qorunmaq üçün həyata keçirilən siyasətə daha yaxından dəstək olmasına ehtiyac var. COVID-19 virusunun yayılması davam edir. Virusun hansı müddətə qədər davam edəcəyi ilə bağlı praktik olaraq proqnozlar yoxdur. Əvvəlki dövrdə nümayiş etdirilən həmrəyliyi indiki mərhələdə də daha güclü şəkildə davam etdirməliyik. Hər birimizin qaydalara əməl etməsi, virusdan qorunmaqla bağlı tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi çox vacibdir. Virusun lokallaşdırılması, pandemiyanın təsirlərinin orta və uzunmüddətli dövrlərdə azaldılması hər birimizin bu qaydalara əməl etməyimizdən asılıdır”.