“Hər bir kəs özü özünün təbibi olmalıdır” - Professor risklərdən danışdı 


“İlk növbədə hər kəs özündə psixoloji immunitet yaratmalıdır: mən sağlamam, dözümlüyəm, idmanla məşğul olmalı, təmiz havada gəzməli, düzgün nəfəs almalıyam”.

Bu sözləri BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli yayılmaqda davam edən, canlar alan koronavirus pandemiyası haqqında “Sherg.az”a danışarkən deyib.

Onun fikrincə, biz bütün hallarda özümüzü qorumalı, riskə getməməliyik: “Pandemiyanın həqiqət, yaxud uydurma olmasından asılı olmayaraq tövsiyə edilən təhlükəsizlik qaydaları, o cümlədən ağızlıq taxmaq, sosial məsafə  gözlənilməlidir. Tutaq ki, COVİD-19 yoxdur, axı bu tədbirlər qrip, allergiya kimi başqa xəstəliklərdən də qorunmağa kömək edir. Hər bir kəs özü özünün təbibi olmalı və gigiyena normalarına əməl etməlidir. Karantin rejimində darıxmamaq, bezikməmək üçün insanlar bacardıqları, sevdikləri faydalı işlərlə (mütaliə etmək, yazı yazmaq, toxumaq və s.) məşğul olmalıdırlar”.