“Virusun daha geniş yayılmaması hər birimizdən asılıdır”

“Ona görə hamı səfərbər olmalı, qaydalara tam əməl etməlidir”

“O zaman virusla mübarizədə daha səmərəli mübarizə aparıb, daha çox vətəndaşımızı qoruya bilərik”


Dövlət tərəfindən koronavirus pandemiyasına qarşı hər cür zəruri addımlar atılsa da, bəzi insanların məsuliyyətsizliyi, qərarlara riayət edilməməsi, tibbi vasitələrdən istifadə edilməməsi əldə edilən pozitiv nəticənin qorunmasına imkan vermədi. Yoluxma sayı 250-ni ötdü və bu gedişlə karantin rejiminin yenidən sərtləşməsi qaçılmaz ola bilər. 

Halbuki xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdi. Lakin xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı və əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkünsüz oldu. Bu səbəbdən də səlahiyyətli şəxslər və mütəxəssislər hesab edir ki, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. 

Millət vəkili Ceyhun Məmmədovun da “Sherg.az”a  açıqlamasında deyib ki, Azərbaycan ilk gündən virusla mübarizə sahəsində ən aktiv və operativ qərar qəbul edən ölkələrdən biri oldu. 
Dünyanın ən inkişaf etmiş ölkələrinin tədbir görməkdə gecikdiyi bir vaxtda dövlət başçısı tərəfindən görülən qabaqlayıcı tədbirlər ölkəmizin bu sınaqdan minimum itki ilə çaxmağına zəmin yaratdı: 

"Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı. Fond yaradıldı, əhaliyə maliyyə yardımları göstərildi, ərzaq paylanıldı Prezidentimiz, həmçinin Birinci vitse-prezident bir neçə dəfə xalqa müraciət etdi. Bu işlərin nəticəsi olaraq xəstəliyə tutulan insanların sayı daha az oldu. Azərbaycan həyata keçirdiyi tədbirlər hətta bir sıra ölkələr tərəfindən nümunəvi model kimi qəbul edildi.

Ölkəmiz bir neçə dövlətə virusla mübarizədə dəsətk oldu. Bütün bunlar ölkəmizin nüfuzunun həm regionda, həm də dünyada daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərdi. Lakin təəssüf ki, məsələyə bəzi vətəndaşlarımızın laqeyd və biganə yanaşması sizin də qeyd etdiyiniz kimi, pozitivliyi sona kimi qoruyub saxlamağa imkan vermədi. Reallıq ondan ibarətdir ki, virusun daha geniş yayılmaması hər birimizdən asılıdır.

Ona görə hamı səfərbər olmalı, qaydalara tam əməl etməlidir. O zaman virusla mübarizədə daha səmərəli mübarizə apara bilər, daha çox vətəndaşımızı qoruya bilərik. Bir daha buradan vətəndaşlara səslənərək daha diqqətli və ehtiyatlı olmağa çağırıram. Əks halda dövlət daha sərt qərarlar qəbul etməyə məcbur ola bilər. Hər şey özümüzdən asılıdır. Məsuliyyətli olduqca hər şey qaydasında gedəcək.

Qaydalara əməl etməsək daha ciddi problemlərlə üzləşəcəyik. Dövlətin əsas məqsədi öz vətəndaşlarını qorumaq, onlara dəstək olmaqdır. Ona görə vətəndaş da dövlətinin yanında olmalı, tapşırıq və tövsiyələrini yerinə yetirməlidir. Vətəndaş həmrəyliyi və birliyi olduğu təqdirdə nəticələrimiz daha yüksək ola bilər".